Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlı rəssamların əl işlərindən ibarət xeyriyyə satış-sərgisinin keçirilməsi təklif olunur.
Bu təkliflə Tbilisidə fəaliyyət göstərən “Sizin Valeri” (“Your Valery”) xeyriyyə fondunun təsisçisi və direktoru Valeri Əliyev “Aziz.ge”yə müsahibəsi zamanı çıxış edib.
Onun sözlərinə görə, satış-sərgidən əldə olunacaq vəsaitin müəyyən hissəsi Azərbaycanda şəhid ailələri və Vətən müharibəsi əlillərinə dəstək məqsədilə sərf oluna, müəyyən hissəsi isə əsərlərin müəlliflərinin hesablarına köçürülə bilər.
V.Əliyev xeyriyyə məqsədilə keçiriləcək satış-sərgisinə Qarabağdan da rəsm əsərlərinin təqdim olunmasını təklif edib.
Fond rəhbərinin təklifinə əsasən, satış-sərgiyə Gürcüstanda akkreditə olumuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələrinin, bu ölkədə fəaliyyət göstərən iri şirkətlər və xeyriyyə cəmiyyətlərinin dəvət edilməsi nəzərdə tutulub.
V.Əliyev xeyriyyə tədbirinin təşkili məqsədilə Azərbaycanın xeyriyyə təşkilatları və özəl rəsm qalereyaları ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, V.Əliyev 12 il ərzində Moskvada xeyriyyə fonduna rəhbərlik edib, bir sıra uğurlu layihələr həyata keçirib.