Bu gözəl torpağın varmı əvəzi?! — Gürcü şairin Azərbaycan haqqında şeiri

1980-ci ildə Bakıda nəşr olunmuş “Sevdim Azərbaycanı” şeirlər toplusunda dünya xalqları şairlərinin ölkəmizə həsr etdikləri lirik əsərlərdən nümunələr toplanıb.

Kitaba Gürcüstan şairlərinin Azərbaycanı tərənnüm etdikləri poeziya nümunələri də daxil edilib. Onlardan biri “Sevdim Azərbaycan baharını mən” adlanır və müəllifi Xuta Lomidzedir. Təəssüflər olsun ki, şair haqqında gürcü və rusdilli mənbələrdə hər hansı bir məlumata rast gəlinmir.

Aziz.ge həmin şeiri təqdim edir.

Burda salamladım qızaran danı,

Üfüqlər qızılı tülə büründü.

Seyr etdim günəşli Azərbaycanı,

Gözümə nə qədər zirvə göründü.

***

Dağları seyr etdim, döndüm bir dağa,

Təbiət dost kimi əlimi sıxdı.

Elə bil baharı qarşılamağa

Vurğun “Azərbaycan” şeiriylə çıxdı.

***

Durnalar uçuşdu dəstəbədəstə,

Hər yerdə baharın yaşıl naxışı…

Birdən güllər yağdı başımın üstə,

Qəribə olurmuş çiçək yağışı!

***

Sularda fişəngə döndü qızıl dan,

Bu gözəl torpağın varmı əvəzi?!

Bir zirvəyə dönüb Dağüstü parkdan,

Bizi salamladı general Həzi.  

***

Gümüş şəlalələr coşdu, çağladı,

Çaylar aşıb-daşdı arzular kimi.

Bağçalar gülündən dəstə bağladı,

Çiçəklər danışdı sözü var kimi.

***

Sərin külək əsdi uca dağlardan,

Lalələr çəməndə xal kimi oldu.

Mən içmək istədim buz bulaqlardan,

Sular şirinləşib bal kimi oldu.

***

Təbiət dil açıb, “şair, yaz” dedi,

Yaşıl çadır açdı ağaclar mənə.

“Nəğmə yarışıdır, qulaq as” dedi,

Bülbüllər, kəkliklər, turaclar mənə.

***

Burda açıq gördüm dost ürəyini,

Sevdim dağlarının vüqarını mən.

Daddım bu torpağın duz-çörəyini,

Sevdim Azərbaycan baharını mən!