Koroğlu qalası — Tbilisi yaxınlığında qədim istehkam, gürcü çarlarının yay iqamətgahı

Tbilisi yaxınlığındakı Kocori qəsəbəsində yerləşən Azeula qalası vaxtilə Gürcüstan üçün böyük strateji əhəmiyyət kəsb edib. Qala mövcud olduğu dövrdə üç ad dəyişib. Azeula qalanın yerləşdiyi vulkanik mənşəli dağın adıdır. Dəniz səviyyəsindən 1 250 metr hündürlükdə yerləşən qala-istehkamın ilkin adı Aqarani (Kocorinin əvvəlki adı), digər adı isə Koroğlu olub.

Gürcü çarlarının iqamətgahı, çariça Tamaranın vəfat yeri

İlk növbədə qalanın tarixinə qısaca nəzər salaq.

Dəqiq tikilmə tarixi məlum olmasa da, arxeoloqlar qalanın inşa tarixini VIII əsrin sonu – IX əsrin əvvəllərinə aid edirlər. Tarixi mənbələrə əsasən, qaladan karvan yoluna nəzarət üçün istifadə edilib.

Gürcülər arasında abidə ilk növbədə Gürcüstan tarixinin qızıl əsrinin hökmdarlarından biri — çariça Tamaranın ömrünün son günlərini keçirdiyi və vəfat etdiyi yer kimi tanınır. Bu barədə “Çariça Tamaranın həyatı” kitabında (Tbilisi, 1985) yazılıb:

“Onu yenə bura, Aqarıya, qalaya gətirdilər” — Aqarı qalası çarların istehkam yeri və iqamətgahı olub. N.A.Berdzenişvili müəyyən edib ki, qədim tarixi mənbələrdəki Aqarı qalası indiki Kocori qalasıdır. Bu qala Tbilisi şəhərindən cənubda, dağların yamacında ucaldılıb, burada gürcü çarlarının yay iqamətgahı, yaxınlıqda çarın saray əhli ilə yayı keçirdiyi meşəli dağlar yerləşirdi. Bu qalada çariça Tamar vəfat edib. XV əsrdən Aqarı qalası Kocori qalası adlanır”.

XIX əsrin 50-ci illərindən etibarən isə Kocori Qafqaz canişininin yay iqamətgahı olub, görkəmli gürcü yazıçılar və ictimai xadimlər bura istirahətə gəliblər. SSRİ-nin dövlət və siyasi xadimi Lavrenti Beriyanın da bağ evi məhz Kocoridə yerləşib. Ev 2021-ci ildə hərracda satılıb. Bağ evinin yerində müasir mehmanxananın yaradılacağı gözlənilir.

Koroğlu adı necə yaranıb və toponim necə izah edilir?

Gürcü mənbələrinə əsasən, qala səlcuqların hökmranlığı dövründə Koroğlu adını alıb. Bu adın XVIII əsrdən daha çox yayıldığı haqqında məlumatlar da var.

Bu gün qala daha çox Kocori və Koroğlu adı ilə tanınır.

1909-cu ildə Tiflisdə rus dilində işıq üzü görmüş “Qafqaz coğrafi adlarının izahı təcrübəsi” («Опыт объяснения Кавказских топонимов») toplusunda Koroğlu toponiminə verilən izah aşağıdakı kimidir:

Kor-oğlu. Tatarca “kor”  və “oğlu” sözlərindən əmələ gəlib. Əfsanəyə görə, atasının kor edilməsindən sonra tanınmış qəhrəman özünü Koroğlu adlandırıb. Onun yaşadığı və alınmaz olan Koroğlu qalasının adı onun adından əmələ gəlib. Qalanın qalıqları Tiflis yaxınlığındakı Kocoridə yerləşir”.

Mədəd Çobanov və Müşviq Çobanlının müəllifləri olduğu “Borçalı toponimləri” (2012) adlı kitabdan isə məlum olur ki, Kocoridəki Koroğlu qalası Gürcüstanda bu adda yeganə qala deyil. Həmin kitabdan:

Koroğlu qalası — Qədim Borçalının Bağ bölgəsinin Bolulus (indiki Bolnisi rayonunda) nahiyəsində, Tiflis quberniyasının Axalkalaki qəzasında, Gürcüstanın Mtsxeti rayonunda, həmçinin, Borçalı qəzasının Dağ bölgəsində sabiq Allahverdi nahiyəsində də (Qərbi Azərbaycanda – indiki Ermənistanın Tumanyan rayonunda) Koroğlu qalaları vardır”.

Kocori qalası haqqında Tbilisi üzrə araşdırmaçı, publisist, tərcüməçi Mirzə Məmmədoğlunun “Qədim Tiflis” kitabında (2009) da məlumat yer alıb:

“Kocor kəndi yaxınlığında yerləşirdi. Vaxuşti onu Azeulassixe (Azeulanin qalası) adlandırmışdır. Sonralar isə, yəni orta əsrlərdə Koroğlu qalası da adlandırılmışdır”.  

Qeyd edək ki, 2008-ci ilədək Kocori Kvemo Kartli bölgəsinin Qardabani bələdiyyəsinin tərkibində idi. Hazırda isə Tbilisi şəhərinin Mtatsminda rayonunun ərazisinə daxildir.

Maraqlı faktdır ki, tanınmış tiflisli fotoqraf Dmitri Yermakovun Kocoridə çəkdiyi fotoşəkillərin bəzilərinə rus dilində verilən təsvirdə Koroğlu qalasının yerləşdiyi dağ Koroğlu dağı kimi qeyd olunub. Həmin fotolar Gürcüstanın Milli Parlament Kitabxanasının arxivində saxlanılır.

Qala qalıqlarının əsas xüsusiyyətləri

Koroğlu qalasının baş planı olmadığından onun ilkin görünüşünü tam təsəvvür etmək mümkün deyil. Dəfələrlə bərpa olunsa da, günümüzə qədər divarının və iki bürсünün bir hissəsi gəlib çıxıb. Qalıqları geniş sahəni əhatə etdiyindən qalanın vaxtilə çox əzəmətli və möhtəşəm  tikili olduğunu söyləmək olar.

Qala daş parçaları və kərpicdən tikilib. Ən qədim qatı XI əsrə, divarın günümüzə qədər gəlib çatmış fraqmentləri isə XVI-XVIII əsrə aid edilir.

Vaxtilə alınmaz olan qala bir sıra tarixi hadisələrə, döyüşlər və mühasirələrə şahidlik edib. Qalanın ətəyində memorial abidə yerləşir. Həmin memorial bolşeviklər tərəfindən qətlə yetirilmiş gənc gürcü kadetlərin xatirəsinə həsr olunub. Belə ki, qala 1921-ci ilin fevralında Qırmızı ordu qüvvələrinə son müqavimət məntəqəsi olub. Qarşıdurma zamanı kadetlər bolşeviklərlə güclü müqavimət göstəriblər. Döyüşlər zamanı gürcü kadetlərin bəzilərinin diri-diri basdırılmasına dair məlumatlar var.

Qala turizm məkanı kimi — yenilənməsinə ehtiyac var

Kocori Tbilisiyə məsafə baxımından yaxındır, şəhər mərkəzindən 18 km aralıda yerləşir. Qəsəbəyə şəhər avtobusu ilə də getmək mümkündür. Kocorinin yaxınlığı qəsəbəni Tbilisiyə gələn turistlər üçün ən əlçatan ziyarət məkanına çevirir. Yerli və əcnəbi turistləri Kocoriyə səyahətə həvəsləndirən məkanların siyahısında tarixi abidə — Azeula qalası birinci yeri tutur.

2018-ci ildə qalanın turizm məkanına çevrilməsi üçün bəzi işlər görülüb. Ziyarətçilərin qala qalıqları arasından baxış meydançasına qalxması üçün dəmir pilləkənlər quraşdırılıb. Qala haqqında məlumat lövhəsi də qoyulub. Lakin lövhədəki məlumat hazırda oxunmaz haldadır, yenilənməsinə ehtiyac var. Turistləri tarixi qalaya cəlb edən səbəblərdən biri də tikilidən ətrafa açılan əsrarəngiz təbiət mənzərələridir. Qala pikniklər və təbiət qoynunda sakit istirahət üçün ideal məkandır.

Aziz.ge