Azərbaycana şokoladdan suvenirlər həsr edən Valeri Əliyev: Bakıda şokolad muzeyi, Şuşada emalatxana yaratmağı arzulayıram

Tbilisidə fəaliyyət göstərən “Sizin Valeri” (“Your Valery”) xeyriyyə fondunun təsisçisi və direktoru Valeri Əliyev Azərbaycanın Zəfərinə şokoladdan müxtəlif suvenirlər həsr edib. Suvenirlərin hazırlanmasında ona peşəkar rəssam, Rusiya Rəssamlıq Akademiyasının məzunu Tatyana İvolqa yaxından kömək edir.

79 yaşlı V.Əliyev ata tərəfdən azərbaycanlı, ana tərəfdən isə ukraynalıdır. Babası Əbdülrəhman Əliyev Naxçıvandan olub. Valeri Anatolyeviç 12 il Moskvada xeyriyyə fonduna rəhbərlik edib. Təşkilatın fəaliyyəti Rusiya və Gürcüstan arasındakı 2008-ci il müharibəsindən sonra dayandırılıb.

Valeri Əliyev

V.Əliyev və T.İvolqa şokoladdan sənət əsərlərini Tbilisidəki kiçik emalatxanada ərsəyə gətirirlər. Onlar Azərbaycan mövzusunda kiçik şüşə qablarda müxtəlif dadlı “Qarabağ buketi” adlı maye şokoladlar, Azərbaycan bayrağının rənglərində tank formasında şokoladdan suvenirlər hazırlayıblar. Müxtəlif mövzulara həsr edilən suvenirlərin satışından əldə olunan vəsait toplanaraq Ukraynaya müharibədən ziyan görmüş insanlara dəstək məktubu ilə birgə göndərilir.

“Qarabağ buketi”nə daxil olan şokoladlar konyak və şampan dadlıdır. Müsahibə zamanı V.Əliyevə təklif etdim ki, bu dadlar azərbaycanlıların ağız dadına az uyğun olduğundan məsələn, zəfəran, nar, çay, əncir, zoğal, ağ gilas, heyva dadı ilə əvəzlənə bilərlər. Valeri Anatolyeviç təklifimi dərhal qəbul etdi. Söz verdi ki, “Qarabağ buketi”nin dadlarını yeniləyəcək.

V.Əliyev müsahibə zamanı Azərbaycanla bağlı iki arzusunu bölüşür. O, Bakıda ianələr hesabına şokolad muzeyi yaratmağı arzuladığını bildirir: “Muzey unikallığı ilə seçilə və Bakının ən görməli yerlərindən birinə çevrilə bilər. Şuşada muzeyin filialının və onun nəzdində şokolad məmulatlarının hazırlanması üçün emalatxananın da yaradılmasını arzulayıram”.

Fondun rəhbəri Tbilisidə azərbaycanlı və ukraynalı uşaqlar üçün şokoladlı konfetlərin hazırlanması üçün ustad dərsləri təşkil etməyi planlaşdırır. O, dərslərin keçirilməsi üçün Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə əməkdaşlıq etmək niyyətində olduğunu söyləyib.

P.S. Valeri Anatolyeviçin emaltxanasına ilk ziyarətimə hədiyyəsiz yollanmamışdım. Ona xarıbülbül formasında suvenir hədiyyə verdim və təklif etdim ki, həmin formada şokoladdan suvenir hazırlayıb Zəfərimizin 4-cü ildönümünə həsr etsin. Müsahibəmizdən iki həftə sonra Tatyana mənə Zəfər rəmzimiz olan xarıbülbülün formasında dairəvi və üzərində “Qarabağ” yazısı olan şokoladlı suvenirin fotoşəklini göndərdi. Şokoladdan xarıbülbül Zəfər bayramımız üçün ən qeyri-adi hədiyyə ola bilər. Valeri Anatolyeviç və Tatyananın hazırladığı şokoladlı suvenirlər keyfiyyətlidir və saxlama müddəti uzundur.

Cəmilə Babayeva