Bakı neftinin hesabına xeyriyyəçilik etmiş Yakob Mansvetaşvili — Kim olub və oğlundan niyə həmişəlik ayrı düşüb?

Yakob Mansvetaşvili (1855-1944) Gürcüstanın tarixinə jurnalist, yazıçı və xeyriyyəçi kimi daxil olub. Onun elmi və ictimai fəaliyyətinin genişlənməsinə Bakı nefti böyük təkan verib.

Aziz.ge “Tbiliselebi” (“Tbilisililər”) jurnalındakı məqaləyə istinadla Yakob Mansvetaşvili haqqında ətraflı məlumat təqdim edir.

“Yakob Mansvetaşvili necə zənginləşib, vətəni və soydaşlarına nə ilə kömək edib” sərlövhəli məqaləyə əsasən, gürcü jurnalist 1886-1890-cı illərdə “İveriya” qəzetinin daimi əməkdaşı olub, bir sıra qəzet və jurnallarla da əməkdaşlıq edib. O, gürcü mətbuatının inkişafına böyük töhfələr verib. Tbilisidə ilk kitab mağazasının açılması təşəbbüsü də məhz ona məxsus olub.

Y. Mansvetaşvilinin Azərbaycana köçməsi onun çalışdığı Tiflis bankının Bakıda açılan filialına rəhbər təyin olunması ilə əlaqədar olub. O, həmçinin Gürcülər arasında maarifin yayılması Cəmiyyətinin katibi idi.

Gürcüstanın Milli Parlament Kitabxanasının arxivində Y. Mansvetaşvilinin Bakıda çəkilən fotoşəkli saxlanılır. Fotonun çəkilmə tarixi məlum deyil.

Y. Mansvetaşvili Bakıda yaşamaq üçün mülk alır. Mülkün yerləşdiyi ərazidə neft yatağı aşkarlanır. O, qısa bir vaxtda neft sənayesi sahibinə çevrilir. Bakı neftinin hesabına zənginləşən Y. Mansvetaşvili elmi və ictimai fəaliyyətini gücləndirə bilir. O, Gürcülər arasında maarifin yayılması Cəmiyyətinin Bakı bölməsini təsis edir. 1912-ci ildə öz vəsaiti hesabına ev tikdirir, burada məktəb və gürcü teatrının fəaliyyəti təşkil olunur. Həmin ev Bakıda yaşayan gürcülərin evinə çevrilir. Onun Azərbaycanla yanaşı, Gürcüstan, Rusiya və Avropada da daşınmaz əmlakları var idi.

Y. Mansvetaşvili görkəmli gürcü bəstəkarı Konstantin Potsxveraşviliyə də köməklik göstərib. O, hər ay şəxsi hesabından bəstəkara 25 manat məbləğində təqaüd verirdi. Bundan başqa, Yakobun xahişi ilə Bakı Neft Sənayesi İdarəsi K. Potsxveraşviliyə 2 min manat həcmində maddi yardım göstərib.

Həyat yoldaşı Nino Qvaramadze məktəbdə rus dili və ədəbiyyatı müəllimi kimi çalışırdı.  Yakob ezamiyyətə xanımı olmadan yollanmırdı. İldə bir neçə dəfə onlar ya Almaniya, ya Fransa, ya da Peterburqa səfər edirdilər. Onların oğulları Boris Sankt Peterburqda anadan olub.

Birinci dünya müharibəsi zamanı Y. Mansvetaşvili ailəsi ilə birgə Fransanın Nitsa şəhərinə köçür. 1917-ci ilin payızında Y. Mansvetaşvili həyat yoldaşı ilə birgə Peterburqa işgüzar görüşə yollanır Səfəri təxirə salmaq mümkün deyildi. Onlar Peterburqda çətinliklərlə üzləşirlər və şəhəri tərk edə bilmirlər. Oğullarının qəyyumuna etibarnamə göndərərək ona kapitallarından istifadə icazəsi verirlər. Yeni dünya düzənində Mansvetaşvili artıq Avropa banklarında saxladığı vəsaitlərindən danışmaqdan qorxurdu. Hətta oğulları Borisi təhlükədən qorumaq üçün onun soyadını dəyişirlər. Boris dayəsinin soyadına — Vadimov soyadına keçməli olur.

Sovetlər ittifaqında kimsə keçmiş neft mədəni sənayeçisinin Avropadakı varisi haqqında bilməməli idi.  Boris valideynlərinə məktub və fotoşəkillər göndərirdi. Təhlükəsizliyə görə ata-anası Borisə cavab məktubu yollamırdılar və övladları özünü atılmış hiss edirdi.

Fransaya oğullarının yanına dönmək ümidini itirmiş Yakob və Nino Gürcüstana qayıdırlar. Artıq 11 il idi ki, onlar Nitsadan çıxmışdılar. Nino müəllim kimi fəaliyyətini davam etdirir, Yakob isə Yazıçılar Birliyində çalışırdı.

Valideynlər oğulları ilə əlaqəni itirmişdilər. Onlar bilmirdilər ki, Boris Vadimov Nitsa şəhərində bankın müdiri təyin olunub və İkinci dünya müharibəsi zamanı başqa ölkəyə köçüb.

Y. Mansvetaşvili 1944-cü ildə vəfat edib. Vake qəbirstanlığında dəfn olunub, məzarı itib. Həyat yoldaşı Nino Qvaramadze isə 96 yaşında dünyasını dəyişib. Hər iki valideyn ömürlərnin sonuna qədər oğulları ilə əlaqə yarada bilməyib.

Gürcü mənbələrinə əsasən, Y. Mansvetaşvilinin 1964-cü ildə Cenevrədə anadan olmuş nəticəsi Nikolas Vadimov 2016-cı ildə Gürcüstana gəlib. O, həmin vaxt ailəsi ilə birgə İsveçrədə yaşayıb, rejissor və prodüser kimi fəaliyyət göstərib.