Ədəbiyyatşünas, tərcüməçi, Gürcüstanın əməkdar mədəniyyət işçisi Dilarə Əliyevanın (1929-1991) müəllifi olduğu “Ürək bir, dilək bir” adlı kitabda (Bakı, 1981) Azərbaycan-gürcü ədəbi əlaqələrinin tarixindən geniş bəhs olunur.
Aziz.ge nəşrin “Azərbaycan-gürcü ədəbi əlaqələrinin qaynaqları (Nizami irsi əsasında)” adlı bölməsini hissə-hissə təqdim edir.
Azərbaycan xalqının zəngin bədii təfəkkür xəzinəsinin timsalı olan Nizami Gəncəvinin yaradıcılığı əsrlərdən bəri dünya xalqlarının diqqətini cəlb etməkdədir. Nizami yaradıcılığının beynəlmiləl səciyyəsi, onda əks olunan ümumbəşəri hisslər, insanpərvərlik, zülmə və ədalətsizliyə qarşı qüvvətli etiraz, yüksək mənəvi keyfiyyətlərin tərənnümü şairin əsərlərinə dünya şöhrəti qazandırmışdır. Təsadüfi deyildir ki, dünyanın bir çox görkəmli sənətkarları bu qiymətli xəzinəyə müraciət etmiş, ondan öyrənmiş, “Xəmsə” poemalarında təbliğ edilən qabaqcıl ideyalardan bəhrələnmişlər. Dahi sənətkarın irsinə maraq qonşu Gürcüstanda da çox güclü olmuşdur. Bu maraq şairin yaşadığı dövrdən başlayaraq getdikcə artmış, genişlənmiş va dərinləşmişdir.
Nizami hələ öz əsrində Gürcüstanda şöhrət qazanmışdı. XІІ əsr gürcü şairi Çaxruxadze öz “Tamariani” qəsidələrində Nizaminin “Leyli və Məcnun” poeması qəhrəmanlarının, Leyli ilə Məcnunun adını çəkir. Gürcü xalqının böyük sənətkarı Şota Rustaveli də öz ölməz poemasında Tariyelin Nestanın fərağından çəkdiyi iztirabları təsvir edərkən yenə Nizaminin “Leyli və Məcnun” poemasına müraciət edir, Leylinin eşqiylə yanan Məcnunu-Qeysi, İbn Salamı yad edir. Ədəbiyyatşünas S. Pirsxilava yazır: “Rustaveli Nizami romantizminə yaxın olub, onun “Leyli və Məcnun”undan ilham almışdır”. Məşhur iranşünas akademik İ. Abulladze isə Rustavelinin Nizaminin digər əsərlərini, şahlar haqqında yazılmış “Yeddi gözəl”, “Xosrov və Şirin”, “İskəndərnamə” poemalarını da oxuduğunu və bunlardan istifadə etdiyini göstərir. “Pələng dərisi geymiş pəhləvan” poemasından gətirdiyimiz aşağıdakı misralar gürçü aliminin həmin fikrini müəyyən dərəcədə təsdiq edir:
Özgə şahlar haqqında olan dastanları,
İlk növbədə onların adətlərini, işlərini,
Tərifini deyən əsərləri tapıb oxudum,
Şeirə çəkdim, bununla əyləndim.
Nizami bir sənətkar kimi Gürcüstanda o dərəcədə şöhrət qazanmışdı ki, XІІ-XІІІ əsrlərdə yaranmış nəinki ədəbi, hətta tarixi əsərlərdə belə onun poemalarının və surətlərinin adına rast gəlirik. Gürcü hökmdarı Davidin tarixçisi (XІІІ əsr) öz əsərində Davidin hünərini Bəhramın şücaəti ilə müqayisə edir. Tamaranın tarixçisi isə XІІІ əsrin əvvəllərində qələmə aldığı “Padşahların tarixi və tərifi” əsərində “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarının baş qəhrəmanlarının adını çəkir. Tarixçi Tamaranın aşiqlərini öz dövründə məlum olan şairanə-romantik poema qəhrəmanları ilə müqayisə edir, onların eşqini Xosrovun Şirinə, Məcnunun Leyliyə olan məhəbbətinə bənzədir. “Vamiq Əzranı, Vis Ramini, Məcnun Leylini, Xosrov Şanşa (Yəni Şahənşah) Banunu, Yusif Züleyxanı sevən kimi, o Tamaranı sevir”.
Gətirilən sitatdan göründüyü kimi, tarixi abidə müəllifi ancaq yazılı ədəbiyyatdan ona məlum olan qəhrəmanların adını çəkmişdir: “Vis və Ramin” (Fəxrəddin Qorqani), “Yusif və Züleyxa” (Firdovsi) və s. həmin dövrdə Nizaminin “Xosrov və Şirin”, “Leyli və Məcnun”undan başqa bu mövzularda yazılmış digər poemalar yox idi. Gürcü ədəbiyyatının qocaman tədqiqatçısı akademik K.Kekelidze də bu faktı müəllifin Nizami poemalarına bələd olması ilə izah edir.
“XІІ-XІІІ əsrlər gürcü ədəbiyyatının dövrümüzə qədər gəlib çatmış bütün abidələrində Nizami yaradıcılığı ilə tanışlıq öz əksini tapmışdır”. Akademik A. Baramidzenin bu ümumi qənaəti də fikrimizi təsdiq edir.
XІІ-XІІІ əsrlər gürcü ədəbi və tarixi abidələrində Nizami qəhrəmanlarının adının çəkilməsi hələ şairin öz dövründə, onun poemalarından ən çox məşhur olan “Leyli və Məcnun” ilə “Xosrov va Şirin”in gürcü dilinə tərcümə olunduğunu güman etməyə imkan verir.
Ardı var