Xaqani mədh etdi səni bir zaman — Gürcü şairin “Fatma” şeiri

Giorgi Giqauri (1928-2011) Gürcüstanın tanınmış şairlərindən biridir. Onun ilk şeiri 1951-ci ildə çap olunub, “Dağların nəğməsi” adlı ilk şeirlər kitabı 1957-ci ildə işıq üzü görüb.

G.Giqauri jurnalist kimi də fəaliyyət göstərib, 17 il radio və televiziyada çalışıb.

Şair bir sıra ədəbi mükafatlara layiq görülüb. Onun əsərləri Azərbaycan, ispan, Ukrayna və digər dillərə tərcümə olunub.

Aziz.ge G.Giqaurinin Azərbaycan gözəlinə həsr etdiyi “Fatma” adlı şeirini təqdim edir. Poeziya nümunəsini dilimizə Əflatun Saraçlı tərcümə edib.

Gürcü gözəlinin məhəbbətindən

Bir vaxt söhbət açdı sizin Nizami.

Neçə qərinələr keçdi o gündən,

Hər sözü çağladı ümmanlar kimi.

***

Bir bax şiş dağların ətəklərinə,

Bəzəyir düzləri çiçəklər, güllər.

Bir vaxt axıb burda qan su yerinə,

Düşməni tar-mar edibdir ellər.

***

İndi xoş iqballa oxuyursan sən,

Yanır ürəyində nurlu bir məşəl.

O, şirin, o həzin, sevdalı nəğmən

Hər elə, obaya çatır, ey gözəl.

***

Xaqani mədh etdi səni bir zaman,

Bu eşqdən mənim də ürəyim yandı.

Məhəbbət alışar, sönməz heç zaman,

Ülvidir şairin sevgisi, andı.

***

Bəxtimiz işıqlı, eşqimiz dərin,

Vüsal sevdasıyla döyünür ürək.

Bir də ona görə sənin gözlərin

Nurludur keçmişin xatirəsitək.

***

Qoy qoşa döyünsün ürəklərimiz,

Heyranam hüsnünə, məni unutma.

“Hə” desən güləcək dərə, təpə, düz,

Sən, ey Azərbaycan gözəli Fatma.