Mirzə Şəfinin vəfatı ilə bağlı Qafqaz Təhsil Dairəsinə verilən məlumatdan: O, vəsiyyət qoymasa da…

Bu gün Azərbaycanın görkəmli şairi, mütəfəkkiri, maarifçi-pedaqoqu Mirzə Şəfi Vazehin (1792-1852) vəfatından 172 il ötür. O, 1852-ci ilin noyabrın 16-da Tiflisdə dünyasını dəyişib, şəhərin müsəlman qəbirstanlığında dəfn olunub.  

Mirzə Şəfi 1840-cı ildə Gəncədən Tiflisə köçüb. Keçmiş tələbəsi Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun köməyi ilə Tiflis qəza məktəbinə tatar (Azərbaycan) və fars dili müəllimi təyin edilib. M.F.Axundov həmin məktəbdə Şərq dilləri üzrə müəllim işləyirdi. O, bu vəzifədən çıxarkən öz yerinə Mirzə Şəfini tövsiyə etmişdi. Mirzə Şəfi müəllim vəzifəsində 1846-cı ilədək çalışıb, 1846-1850-ci illərdə Gəncədə müəllimlik edib, 1850-ci ildə Tiflisə dönüb.

Tiflisdə pedaqoji fəaliyyətlə yanaşı o, bədii yaradıcılıqla da məşğul olmuşdu. M.Ş.Vazeh 1844-cü ildə Tiflisdə “Divani-Hikmət” adlı məclis də təşkil edib. Məclisdə şeir yazmaq yarışı və ədəbi-fəlsəfi müzakirələr keçirilirdi.  

Ölümündən bir az əvvəl Mirzə Şəfi Tiflis gimnaziyanın müəllimi İvan Qriqoryevlə birlikdə Azərbaycan dilini öyrənənlər üçün “Müntəxəbat” adlı dərslik yazıb hazırlamışdı. Həmin dərsliyi İ.Qriqoryev Mirzə Şəfinin vəfatından sonra Təbrizdə çap etdirmişdi.

Ədəbiyyatşünas, professor Mikayıl Rəfilinin yazdığına görə, Mirzə Şəfi tənha, unudulmuş, soyulub talan edilmiş bir halda vəfat edib.

Mirzə Şəfinin vəfatı haqqında Tiflis quberniyası məktəblərinin direktoru Qafqaz Təhsil Dairəsinə məlumat təqdim edib. Həmin sənəd barədə məlumata “Veçerni Tbilisi” qəzetinin 17 may 1969-cu il tarixli sayındakı “Sənədlər Mirzə Şəfi haqqında danışır” başlıqlı məqalədə rast gəlmək mümkündür.

Tarix elmləri doktoru İ.Enikolopovun məqaləsinə əsasən, həmin məlumatda deyilir:

“Noyabrın 16-da, gecə Tiflis gimnaziyalarının tatar dili üzrə kiçik müəllimi Mirzə Şəfi Sadıq oğlu uzun sürməyən xəstəlikdən vəfat edib. Onun subay olduğunu bilərək, əmlakı haqqında vəsiyyət qoymadığını ehtimal edərək, yenə də Tiflis şəhər polisinə qalan əmlakın siyahıya alınması və möhürlənməsi üçün məlumat verdim”. (Tiflis quberniyası məktəblərinin direktorunun Qafqaz Təhsil Dairəsinə 1852-ci il üzrə məlumatından).

Məqalədə qeyd olunub ki, Mirzə Şəfinin “əmlakının” siyahıya alınmasının nə ilə başa çatdığı məlum deyil. Müəllifin sözlərinə görə, Mirzə Şəfinin çətin nəsə dəyərli bir şeyi qalmışdı. Belə ki, onun üçün ən dəyərli olan poetik əsərləri idi. Şair əsərlərini bacarıqlı fırıldaqçı F.Bodenştedtə tərcümə üçün “vermişdi”, tərtib etdiyi dolğun “Müntəxəbat”a isə iş yoldaşı İ. Qriqoryev həmmüəllif çıxmışdı.

İ.Enikolopov sonda vurğulayıb ki, Mirzə Şəfinin əsərlərini mənimsəmiş fırıldaqçı işbazların marağında idi ki, şairin varlığı şübhə altına alınsın.

Fridrix Bodenştedt və Mirzə Şəfi Vazeh

Xatırladaq ki, Mirzə Şəfi Vazeh və alman şairi Fridrix Bodenştedt Tiflisdə tanış olublar. F.Bodenşdet “Divani-Hikmət”in üzvlərindən biri idi. O, Mirzə Şəfidən Azərbaycan və fars dillərini öyrənib. Alman şair Mirzə Şəfinin şeirlərini 1851-ci ildə ədibin özündən xəbərsiz Avropada “Mirzə Şəfinin nəğmələri” adı altında alman dilində çap etdirib. Kitabın ilk çapı böyük müvəffəqiyyət əldə edir. F.Bodenştedt özünü həmin şeirlərin tərcüməçisi kimi deyil, müəllifi kimi qələmə verib.

Həmçinin oxu:

Könlümü açmaz heç nə tiflisli qızlar kimi – Mirzə Şəfi Vazehin ədəbi irsindən

“Mirzə Şəfi” – Tbilisinin tarixi görkəmini itirmiş, tək lövhəsi qalmış qədim küçəsi