Sabah — noyabrın 22-də Sumqayıtın şəhər statusu almasının 75 illiyi tamam olacaq. Qəsəbə olaraq yaranan Sumqayıta 1949-cu ildə bu statusun verilməsi ilə yaşayış məntəqəsi qısa müddət ərzində keçmiş sovetlər birliyinin böyük sənaye mərkəzinə çevrilib.
Sumqayıt — Rustavinin 72 illik qardaşı
Azərbaycanın ikinci ən böyük sənaye mərkəzini Gürcüstanın əsas sənaye şəhəri olan Rustavi ilə 72 ildir qardaşlıq və tərəfdaşlıq əlaqələri birləşdirir. Sumqayıt və Rustavi 1952-ci ildə qardaşlaşıb. Azərbaycanın sənaye şəhəri Rustavinin qardaşlaşdığı ilk şəhər kimi tarixə düşüb.
Qeyd edək ki, Rustavi şəhər statusunu Sumqayıtdan bir il öncə — 1948-ci ildə alıb. Şəhərin Azərbaycanda ikinci qardaş şəhəri Gəncədir.
Gürcüstanın üçüncü böyük şəhəri olan Rustavi azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli regionunun inzibati mərkəzidir.
Sovetlər dönəmində Sumqayıt və Rustavi sənayeçiləri arasında sıx təcrübə mübadiləsi həyata keçirilib. Sumqayıt Boru-Prokat Zavodu və Rustavinin Stalin adına Metallurgiya Zavodunun kollektivləri illik planın vaxtından əvvəl yerinə yetirilməsi uğrunda yarışıblar.
Sumqayıt və Rustavinin İkinci Dünya müharibəsindən sonra şəhərə çevrilmələri, paytaxta yaxın yerləşmələri və sənaye mərkəzləri olmaları iki şəhəri birləşdirən ümumi cəhətlərdir. Şəhərlər arasında qardaşlıq əlaqələrinin qurulduğu ilk illərdə Sumqayıtda Rustavi, Rustavidə isə Sumqayıt metallurqları küçəsi yaranıb.
2007-ci ilin iyununda iki şəhər arasında dostluq münasibətlərinin bərpa edilməsi, 10 ildən sonra — 2017-ci ilin sentyabrında isə qardaşlaşma və ikitərəfli əlaqələrin qurulmasına dair saziş imzalanıb. Sonuncu sənədlə iki şəhərin qarşılıqlı əlaqələrinin intensivləşdirilməsi nəzərdə tutulurdu.
Aziz.ge Rustavidə Sumqayıtın şərəfinə adlandırılmış Sumqayıt metallurqları küçəsi barədə ətraflı məlumat təqdim edir.
Küçənin yerləşdiyi yerə istiqamət göstəricisi Rustavi şəhər meriyasının binası yaxınlığında yerləşir. Dirəkdəki lövhələrdə Sumqayıtla yanaşı Rustavinin digər qardaş şəhərlərinin ingiliscə adları, aid olduğu ölkənin adı və bayrağının təsviri, əsas rəmzləri və həmin şəhərlərə qədər olan məsafələr göstərilib. Sumqayıta aid lövhədə şəhərin ingiliscə adı səhvən “Sumgayt” göstərilib, şəhərin əsas simvollarından biri “Sülh göyərçini” abidəsinin təsviri yer alıb. Bayraq təsvirlərinin rəngi solub, lövhələrin yenilənməsinə ehtiyac yaranıb.
“Dostluq küçəsi”
Sumqayıt metallurqları küçəsi Rustavinin köhnə hissəsində, Donetsk metallurqları adlı küçə ilə eyni xəttdə yerləşir. Hər iki küçə adlarını 1950-ci ilin ortalarından daşıyır. Ukraynanın Donetsk şəhəri də Rustavinin qardaş şəhəridir. İki küçənin hər iki tərəfində sovet dövrünə aid ikimərtəbəli yaşayış binalarına rast gəlinir. Bu binalarda vaxtilə sənaye işçiləri yaşayıb. Sakinlər arasında azərbaycanlılar da olub. Rustavililər vaxtilə Sumqayıt metallurqları küçəsini “Dostluq küçəsi” adlandırıblar. Belə ki, küçənin sakinlərini müxtəlif millətlərin nümayəndələri təşkil ediblər.
Köhnə lövhələr, qəzalı binalar
Sumqayıt metallurqları küçəsində ad bildirən 26 ədəd lövhə çox köhnəlib. Bəziləri elə paslanıb ki, üzərindəki yazı çətinliklə oxunur. Böyük ehtimal ki, lövhələr küçəyə bu adın verildiyi dövrdə vurulub və elə həmin vaxtdan da yenilənməyib.
Küçədəki yaşayış binaları qəzalı vəziyyətdədir. Sakinlərin Rustavi meriyasına müraciəti əsasında 2019-cu ildə küçədə avtomobillərin hərəkət sxeminə dəyişiklik edilib. Nəqliyyatın intensiv hərəkəti qəzalı olan binaların uçulub-dağılma riskini artırdığına görə küçə boyu avtomobillərin ikitərəfli hərəkəti qadağan olunub. 2019-cu ilin martından küçədə nəqliyyat vasitələrinin hərəkəti birtərəflidir.
Yenilənən Rustavidə “Sumqayıt metallurqları” adı da yenilənməlidir
Sumqayıt kimi Rustavi şəhəri də inkişaf edir və müasirləşir. Bu ilin sentyabrında Rustavi şəhəri günündə meriya şəhərin rebrendinq edildiyini açıqlayıb. “Böyük tarixli yeni şəhər” Rustavinin yeni şüarı kimi seçilib. Şəhərin loqosu da yenilənib. Bu şüar və loqonun yer aldığı bayraqlar və plakatlar şəhərin mərkəzi küçələrində asılıb.
Yenilənmə şəhərin zəngin inkişaf tarixinin canlandırılması, sovetlər dönəmində yaradılmış zavodlar şəhəri stereotipinin ləğvi və Rustavinin müasir şəhər kimi təqdim edilməsinə yönəldilib.
Rustavidə Sumqayıtla qardaşlığın rəmzi olan Sumqayıt metallurqları küçəsinin adı da sovetlər dövründən qalmadır. Hər iki şəhər müasirləşdiyi kimi bu köhnəlmiş ad da yenilənməlidir. Küçə “Sumqayıt küçəsi” adlandırılsa, bu həm müasir səslənəcək, həm də yenilənən Sumqayıta daha çox layiq olacaq.
Adın yenilənməsi və yeni lövhələrin quraşdırılması Sumqayıtın 75 illik yubileyinə qardaş Rustavinin ən yaxşı hədiyyəsi ola bilər. Azərbaycan tərəfi, ilk növbədə Sumqayıt şəhər İcra Hakimiyyəti küçənin adının yenilənməsi təklifini irəli sürərsə, Rustavi meriyası onu mütləq nəzərə alar. Təklifin şəhərin yeni inkişaf konsepsiyasına tam uyğunluğu bunu söyləməyə əsas verir.