“Min bir gecə”nin Tbilisi premyerasının afişaları — Gürcüstan arxivindən

Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun (1922-1984) “Min bir gecə” baleti 1979-cu ildə Azərbaycan Opera və Balet Tetarında tamaşaya qoyulduqdan sonra bir sıra şəhərlərdə nümayiş etdirilib. Baletin Tbilisidə premyerası 1981-ci ilin iyununda baş tutub. Gürcüstan paytaxtında baletin ilk nümayişi haqqında həmin dövrdə Tbilisidə nəşr olunan qəzetlərdə məqalələr dərc olunub.

Fikrət Əmirov

Məqalələrdən məlum olur ki, Zakaria Paliaşvili adına Tbilisi Akademik Opera və Balet Teatrının səhnəsində baş tutmuş premyerada baletin əsas qəhrəmanlarının surətlərini —  Şəhriyar və Şəhrizadəni istedadlı gürcü rəqqaslar — Nukri Maqalaşviliİrine Candieri (Gürcüstan SSR-nin Xalq artisti) yaradıb.

“Zarya Vostoka” qəzetində işıq üzü görmüş “İdrak və məhəbbət himni” adlı məqalədə baletin populyar və uğurlu olmasının səbəblərindən söz açılıb. Qeyd olunub ki, Fikrət Əmirovun musiqisi son dərəcə melodik və parlaqdır, milli koloritlərin yer aldığı musiqi çox müasirdir. Məqalədə baletin dərin ideyalarının tamaşaçılara çatdırılması üçün xoreoqrafiyadan məharətlə istifadə edildiyi, baletmeyster Nailə Nəzirovanın mürəkkəb xoreoqrafik rəqs üsulları və kombinasiyalarından istifadə etdiyi vurğulanıb.

Premyara haqqında “Veçerni Tbilisi” qəzetində Gürcüstan SSR-nin Əməkdar artisti, teatrşünas L.Nadareişvilinin müəllifi olduğu məqalədə isə bildirilib ki, tamaşanın bir çox cəhətdən uğur qazanmasının səbəbi Fikrət Əmirovun musiqisinin temperamentli səslənməsi və emosional zənginliyidir.

““Min bir gecə” tamaşasını saflığın, müdrikliyin, gözəlliyin himni adlandırmaq olar. Lakin baletdə daha bir əsas mövzu səslənir — Şəhriyarın obrazında təcəssüm olunan cəsarət mövzusu”, – məqalədə deyilir.

Qeyd edək ki, Gürcüstanın Milli Parlament Kitabxanasının plakatlar kolleksiyasında “Min bir gecə” baletinin Tbilisidəki premyerasına aid iki afişa saxlanılır. Afişalar eynidir, yeganə fərqli cəhər birinin fonunda gecənin, digərinində isə gündüzün təsvir edilməsidir.

Gürcüstanın Milli Foto Arxivində Fikrət Əmirovun yer aldığı bir fotoşəklə rast gəlinir. Çəkildiyi yer və tarixi məlum olmayan fotoda azərbaycanlı bəstəkar konsert zalında rusiyalı həmkarları —  Pyotr Savintsev və Tixon Xrennikovla bir sırada əyləşib.

Aziz.ge