Gürcücə öyrəndim Abxaziyada mən — Xaqani Şirvani şeirlərində gürcü sözlərindən istifadə edib

Görkəmli Azərbaycan şairi Xaqani Şirvani Şota Rustavelinin müasiri olub. Xaqani Şirvaninin yaradıcılığı “Pələng dərisi geymiş pəhləvan” poeması kimi dünya ədəbiyyatı xəzinəsində şərəfli yer tutur.

Bu sözlər Gürcüstanın Əməkdar jurnalisti Besik Pipiyanın (1960-2021) X.Şirvani haqqında 2016-cı ildə dərc etdirdiyi məqalədəndir.

Aziz.ge həmin məqaləni ixtisarla təqdim edir.

Müəllif qeyd edib ki, Xaqaninin əsərləri şairin dəfələrlə Gürcüstanda olduğunu deməyə əsas verir. Şairin rübailərindən:

Ağ üzlü, qıvrımsaç qızın eşqindən

Gürcücə öyrəndim Abxaziyada mən

Abxaziya deməklə şair Gürcüstanı nəzərdə tutub. Akademik Ziya Bünyadov “Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər)” kitabında yazıb ki, orta əsrlərin Azərbaycan və digər şərq mənbələrində “Abxaziya” və “abxazlar” yalnız “Gürcüstan” və “gürcülər” mənasında işlənilib.

Məqalədə daha sonra deyilir:

“Gürcüstan və Şirvanşahlar dövləti arasında əsas əhalinin müxtəlif dinlərə sitayiş etmələrinə baxmayaraq, sıx mədəni əlaqələr var idi. Hökmdarlar şəxsən sülh və tolerantlıq nümunələri nümayiş etdirirdilər. Belə ki, gürcü çarı I Demetre hər cümə günü məscidi, şirvanşahlar isə öz növbəsində Şamaxıdakı xristian kilsəsini ziyarət edirdilər. Buna Xəqani Şirvani işarə edir: “Abxaziyadan qayıdan şah bayram günü səhər kilsəyə getdi…”

Dini etiqadı müsəlman şairinə xristian gürcü xanımına alovlu məhəbbət hisslərini ifadə etməyə, onun gözəlliyini və incəliyini tərifləməyə mane olmayıb:

Ağ üzlü, qıvrımsaç qızın eşqindən

Gürcücə öyrəndim Abxaziyada mən

İncəldi tük kimi dilim, hər tüküm

Dönüb bir dil oldu “modi” deməkdən

***

Tərsa gözəlisən, İsaya həmdəm,

Pak ruhsan sənə demərəm sənəm;

Tük kimi incəldim dərdü qəmindən

“Modi, modi” qəmdən muyə dönmüşəm”.

“Modi” gürcü dilindən tərcümədə “gəl” deməkdir. Xaqani digər şeirlərində də gürcü sözlərindən istifadə edib və buna görə də şairin gürcü dilini bildiyini zənn etməyə əsaslar var.

Tanınmış iranlı alim və yazıçı Səid Nəfisi Xaqaninin şeirlərində ona aydın olmayan gürcü sözlərinin mənasını aydınlaşdırmaq üçün Gürcüstanda olub. Gürcü xalqının mədəniyyəti, ədəbiyyatı və ənənələri ilə tanış olandan sonra Səid Nəfisi vurğulayıb: “Xaqaninin şeirlərində ziyafətlərin təsvirinə tez-tez rast gəlinir. Gürcüstana gəlməmişdən öncə mən bu şeirlərin mənasını dəqiq müəyyən edə bilmirdim”.

Xaqani şeirlərində yalnız ziyafətləri deyil, Gürcüstanın insanlarını, gözəl təbiətini məhəbbətlə tərənnüm edib.