Aziz.ge Gürcüstan Demokratik Respublikası (1918-1921) ordusunun baş komandanı, görkəmli general Giorgi Kvinitadzenin (1874-1970) xatirələrinin növbəti hissəsini təqdim edir.
“1920-ci ildə Bakıya ezamiyyət və bolşeviklərlə ilk müharibə” başlıqlı fəslin II hissəsi
İstehkam xətti dağlardan dənizə qədər təqribən 15-20 verst idi və körpünün olduğu Samur çayı boyunca uzanırdı. Bu körpü, əlbəttə ki, azərbaycanlıların əlində olmalı idi, lakin ora gələndə öyrəndim ki, bolşeviklərin əlindədir və beləliklə bolşeviklər istənilən vaxt çayı tamamilə maneəsiz keçib, daha sonra Azərbaycan qoşunlarına gözlənilmədən hücum edə bilərlər.
Bu səfərdə Azərbaycan tərəfdən məni general Usubov və polkovnik Karqareteli müşayiət edirdi. Birincisi Bakı qalasının komendantı, ikincisi isə Azərbaycan qoşunlarının qərargahının kvartirmeysteri idi. General Usubov (İbrahim ağa Usubov nəzərdə tutulur – Aziz.ge) korpus üzrə mənim məktəb yoldaşım idi və ağlıma da gəlməzdi ki, onu sonuncu dəfə görürəm. Bir neçə gündən sonra o, bolşeviklər tərəfindən güllələndi. Mən onunla hələ Rus-Yapon müharibəsi zamanı görüşmüşdüm və onun haqqında ən yaxşı rəylər var idi. Son müharibədə o, general rütbəsinə qədər yüksəldi, “Giorgi xaçı” aldı. Usubov xalqına vicdan və sədaqətlə xidmət edirdi.
Son stansiyaya çatanda mən dərhal mühafizə dəstəmlə birgə mövqeləri yoxlamağa yollandım. Bizi bu stansiyaya olduqca gec — nahardan sonra gətirdilər, baxmayaraq ki, xahiş etmişdim ki, qatarım gecə Bakıdan yola düşsün. Gec olduğundan və dumana görə hər şeyi yoxlamağa çatmadım. Qeyd etməliyəm ki, işləri idarə edən mühəndisin olmasına baxmayaraq, biz azdıq və hətta istehkam xəttini itirdik. Mən atımı yaxınlıqdakı kəndə çevirdim və əvvəlcə bizim bolşeviklər olduğumuzu zənn edən yerli sakindən stansiyaya necə gedə biləcəyimizi öyrəndim və alatoranlıq yaxınlaşdığından stansiyaya yollandım.
Stansiyaya gələndə öyrəndim ki, Azərbaycanın yollar naziri Məlik-Aslanov da stansiyadadır. Onun vaqonu mənim qatarımın yaxınlığında idi. Elə oradaca öyrəndim ki, o, bolşeviklərlə danışıqlar aparır, lakin hansı danışıqların aparıldığını öyrənə bilmədim. General Usubov mənə dedi ki, nazir məni görmək istəyir və məni vaqonuna dəvət edir. Mən onun yanına getdim. Görüş qısa oldu. Mənim onun gəlişinin səbəbi ilə bağlı suala cavab verdi ki, xidməti və bu yolun saz vəziyyətdə olub-olmamasını yoxlamağa gəlib. Vaqona qayıdandan sonra mən Bakıya və oradan da Tbilisiyə getməyə qərar verdim. Mənim üçün aydın idi ki, Azərbaycan bolşeviklərlə müharibəyə kifayət qədər intensiv hazırlaşmır və Bakının alınması sadəcə zaman məsələsidir.
Burada deməliyəm ki, 15-20 verst uzunluqdakı Samur istehkamı yalnız bir batalyonla mühafizə olunurdu. Yerdə qalan Azərbaycan qoşunları ölkənin cənubunda idi, ermənilərlə müharibə aparılırdı. Samur istehkamında olan batalyona gürcü polkovnik Tumanişvili komandirlik edirdi. Bir neçə gündən sonra o, müqavimət göstərdiyinə və ona həvalə olunan postu müdafiə etdiyinə görə bolşeviklər tərəfindən güllələnir.
Ardı var