1942-ci ildə Tbilisi kinostudiyasında çəkilmiş “Giorgi Saakadze” ikihissəli bədii filmdə Azərbaycan musiqisindən də istifadə olunub. Daha dəqiq “Heyratı” muğamından.
Öncə film haqqında. Rejissoru Mixeil Çiaureli olan film A.A.Antovoskinin “Böyük Mouravi” («Великий Моурави») romanının motivləri əsasında ekranlaşdırılıb. Ekran əsəri sərkərdə Giorgi Saakadzenin başçılığı altında gürcü xalqının gürcü dövlətinin birləşdirilməsi üğrunda mübarizəsindən bəhs edir.
Filmdə əsas rollardan birində azərbaycanlı tamaşaçıya “Onu bağışlamaq olarmı?” filmindən ana obrazı ilə yaxşı tanış olan Veriko Ancaparidze də çəkilib. O, “Giorgi Saakadze” tarixi filmində Rusudan obrazını yaradıb.
Filmin titrlərində bəstəkarın A.Balançivadze olduğu, şərq musiqisinin isə Üzeyir Hacıbəyova məxsusluğu yazılıb.
2010-cu ildə Bəyimxanım Verdiyevanın yerli mediaya bildirdiyinə görə, “Giorgi Saakadze” filmi üçün atası — Qarabağ muğam məktəbinin ustad sənətkarı, Azərbaycanın Xalq artisti Xan Şuşinskinin ifasında “Heyratı” muğamı lentə alınıb. Ekran əsəri üçün X.Şuşinskinin ifasında “Zəmin-xarə”, “Mənsuriyyə” muğamlarının da lentə yazılması barədə məlumatlar var. Lent yazılarının surətlərinin Gürcüstanın Milli Arxiv İdarəsində saxlanıldığı ehtimal edilir. Sənətkarın qızı onların Azərbaycana gətirilməsi məsələsini bir neçə dəfə gündəmə gətirib.
Filmlə bağlı digər maraqlı məqam isə ondan ibarətdir ki, bəzi səhnələri Azərbaycanda çəkilib. Belə ki, Tbilisidə vaxtilə gürcücə nəşr edilmiş “Kommunist” qəzetinin 1941-ci il 30 noyabr tarixli sayında “Giorgi Saakadze” filminin çəkilişləri haqqında məqalədə deyilir ki, kütləvi döyüş səhnələri Kirovabadda (indiki Gəncə şəhəri) lentə alınıb. Bu şəhərdə Kiçik Qafqaz dağ silsiləsinin ətəklərində çəkilən döyüş səhnələrində üç min nəfərdən çox kişinin iştirak etdiyi bildirilib.
Aziz.ge “Heyratı” muğamının yer aldığı epizodu təqdim edir. Muğam həmin hissədə fon musiqisi kimi yer alıb.