AXC-nin elan edildiyi binanın fasadı zədələnib

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi hazırkı Milli Gənclər Sarayının binasında bərpa işləri davam etdirilir.

Tbilisi meriyasından bildirilib ki, mer Kaxa Kaladze bu gün binada aparılan təmir-bərpa işləri ilə tanış olub.

O deyib ki, sarayda bərpa işlərinin son mərhələsi davam etdirilir.

“Biz ötən il xarici fasadın bərpasını başa çatdırdıq. Təəssüf ki, son zamanlar keçirilən aksiyalar nəticəsində fasadın müəyyən hissəsi zədələnib. Binanın daxilində də işlər fəal şəkildə aparılır. Güzgülü və digər zallar da tam bərpa ediləcək. Binaya problem yaradan yeraltı sular da tənzimlənib. Eyni zamanda həyətyanı sahə də abadlaşdırılacaq”, – mer söyləyib.

Meriyadan bildirilib ki, binanın bərpası layihəsinin ümumi dəyəri 53 945 145 lari təşkil edir.

Qeyd edək ki, saray Tbilisinin mərkəzi Rustaveli prospekti 6 ünvanında, Gürcüstan parlamentinin binası yaxınlığında yerləşir. 1918-ci il mayın 28-də məhz bu binada AXC-nin müstəqillik bəyannaməsi oxunaraq, Şərqdə ilk demmokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Binada AXC-nin elan edildiyi zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib.

Həmçinin oxu:

Azərbaycanın müstəqilliyinin elan edildiyi bina – Tbilisinin mərkəzində ən görkəmli tikili

Aziz.ge