Bu gün Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri Nəbi Xəzrinin (1924-2007) anadan olmasından 100 il ötür.
Aziz.ge şairin Gürcüstan mövzusunda növbəti şeirini təqdim edir. “Gürcü qardaşlarıma” adlı şeirdə N.Xəzri Azərbaycan və Gürcüstan arasında əsrlərə söykənən dostluğu tərənnüm edib.
Bizim doğma Kür çayımız axıb gedir, diyar-diyar.
Sahilində göy söyüdlər budağını yerə əyir.
Rustavini axşam çağı salamlayan gur dalğalar
Mingəçevir dənizində səhər gəlib nəğmə deyir.
Azərbaycan elləriylə Gürcüstanın torpaqları
Bir ayrılmaz ürəkdir ki, bir diyara, elə düşmüş;
Əsrlərlə keçib gələn bir dostluğun etibarı
Təntənəli nəğmə kimi bu gün dildən-dilə düşmüş.
Rustavinin poladında bu dostluğun timsalı var.
Sumqayıtın zavodları ondan qüvvət, qüdrət alır.
Mingəçevir üzərində parladıqca gur işıqlar
Yaşıl Kartli bağlarına min-min ulduz şölə salır.
Ömrümüzə bəzək versin bu möhtəşəm dostluğumuz
Bizim doğma Kür qədər də mənalıdır, mehribandır.
Rustavinin poladı tək mətinləşən dostluğumuz
Mingəçevir torpağının taleyi tək çıraqbandır!
Həmçinin oxu: