Dekabrın 14-də vokal sənətimizin görkəmli və bənzərsiz nümayəndəsi, Azərbaycan və SSRİ-nin Xalq artisti Rəşid Behbudovun (1915-1989) anadan olmasından 109 il ötüb. Məşhur tbilisili ifaçı doğma Tbilisi şəhərinə böyük məhəbbət hissi ilə yanaşırdı. Heç də təsadüfi deyil idi ki, o, repertuarına gürcü dilində də mahnılar daxil etmişdi. Özünün də dediyi kimi, konsertlərdə çıxışları zamanı “Genatsvale”ni mütləq ifa edirdi. Çünki hesab edirdi ki, dinləyiciləri doğulduğu və böyüdüyü torpağın melodiyası ilə məhz bu cür tanış edir. Tbilisi məşhur yetirməsinin bu sevgisini “cavabsız qoymurdu”. Belə ki, Rəşid Behbudov 1987-ci ildə Gürcüstan paytaxtının “Fəxri vətəndaşı” adına layiq görülüb. Həmin ildə azərbaycanlı ifaçı 10 il idi ki, “Gürcüstan SSR əməkdar incəsənət xadimi” fəxri adını daşıyırdı.
R.Behbudovun ifasında Tbilisi şəhərinin qeyri-rəsmi himni sayılan “Tbilisi haqqında mahnı” xüsusi yer tutur. Bəstəkarı Gürcüstan SSR-nin Xalq artisti Revaz Laqidze, gürcücə sözlərin müəllifi Petre Qruzinski, rusca sözlərinin müəllifi isə Mixeil Кvaliaşvili olan mahnı daha çox “Tbiliso” adı ilə tanınır. İfaçının repertuarında bu mahnı həm gürcü, həm də rus dilində yer alıb.
Müğənninin repertuarında eyniadlı başqa mahnı da olub. R.Behbudov bu mahnını həm gürcü, həm də Azərbaycan dilində ifa edib. Audioyazı 1961-ci ildə yazılıb, Gürcüstanın İctimai kanalının Qızıl Fondunda saxlanılır.
Görkəmli müğənni doğma şəhərinə məhəbbətini digər mahnıda da etiraf edib. Maraqlısı budur ki, R.Behbudov həmin mahnının yalnız ifaçısı deyil, musiqi müəllifi də olub. “Salam, doğma şəhər” adlı bu mahnı haqqında məlumata vaxtilə Tbilisidə nəşr olunan “Zarya Vostoka” qəzetinin 7 dekabr 1977-ci il tarixli sayında yer almış “Azərbaycan nəğmələri səslənir” sərlövhəli məqalədə rast gəlinir.
Məqalə R.Behbudovun yaratdığı Azərbaycan Dövlət Mahnı Teatrının Tbilisidə təqdim etdiyi konsertə həsr olunub. Müəllifi sənətşünaslıq namizədi N.Dimitriadi R.Behbudovu estrada ansamblının qəlbi adlandırıb.
“Əla musiqiçi və vokal ustadı, o, istedadının bənzərsizliyi ilə əvvəlki kimi cəlb edir. Behbudovun ifasında istənilən, hətta artıq məşhur mahnı gözlənilməz rənglərlə səslənib hansısa yeni ştrixlərlə təəccübləndirə bilər. Yəqin ki, bu, ona görə baş verir ki, müğənninin melodiyaya və mətnin hər bir sözünə həmişə xüsusi münasibəti var. Bu, F.Əmirovun “Azərbaycan” mahnısı, dramatik “İran mahnısı”nda və bayatılarda da belə oldu”, – məqalədə deyilir.
Müəllif konsertdə ifa olunan “Salam, doğma şəhər” mahnısını xüsusi vurğulayıb. O, bu mahnını gürcü və Azərbaycan xalqlarının dostluğuna əsl sağlıq tostu adlandırıb. Sözlərin müəllifinin V.Qoqolaşvili olduğu qeyd edilib.
“Bu mahnıda Behbudov yalnız ifaçı kimi deyil, musiqi müəllifi kimi də çıxış etdi. O, mahnını gəncliyinin dilində, Gürcüstan dilində oxudu”, – müəllif yazıb.
Məqaləyə əlavə olunmuş konsertdən fotoşəklin original surəti Gürcüstanın Milli Foto Arxivində saxlanılır.
Qeyd edək ki, şair və yazıçı Vaxtanq Qoqolaşvili (1932-2011) Gürcüstanın Əməkdar mədəniyyət işçisi olub. 1962-2006-cı illərdə Tbilisi Dövlət Filarmoniyasının teatr və ədəbiyyat şöbəsinin rəhbəri olub. Bir neçə şeirlər toplusunun müəllifidir.
V.Qoqolaşvilin şeirlərinə məşhur gürcü mahnıları bəstələnib. Onların arasında “Tbilisi haqqında mahnı” da var.
Aziz.ge
Həmçinin oxu:
Rəşid Behbudov: Gürcüstanı unutmaq – özümü unutmaq deməkdir!
Rəşid Behbudovun yeni arxiv fotosu – Gürcüstan muzeyinin kolleksiyasından