Vaqif Mustafazadənin Tbilisidə çəkilən nadir fotosu — Azərbaycanlı fotoqrafın arxivindən

Ötən gün Azərbaycanın görkəmli bəstəkarı, pianoçu, cağ-muğam üslubunun banisi Vaqif Mustafazadənin vəfatından 45 il ötüb. Yaradıcılıq dövrünün bir hissəsi Tbilisidə keçmiş virtuoz caf ifaçısının Gürcüstanın Milli Foto Arxivində nadir fotosu saxlanılır.

Fotoşəkillə bağlı maraqlı fakt ondan ibarətdir ki, müəllifi tanınmış fotomüxbir, Gürcüstanda nəşr olunan azərbaycandilli “Gürcüstan” qəzetinin əməkdaşı Şahvələd Eyvazovdur.

Şahvələd Eyvazov

Gürcüstanın Milli Foto Arxivində peşəkar fotoqraf soydaşımızın müxtəlif illərdə çəkdiyi bir sıra fotoşəkilləri saxlanılır. O, fotomateriallarının neqativlərini arxivə özü təqdim edib və V.Mustafazadənin fotoşəkli də onların arasında olub. Fotoların surətləri Gürcüstanın Milli Parlament Kitabxanasının arxivinə də daxil edilib.

Cazmenin fotoşəkli onun ən yaxşı pianoçu adına layiq görüldüyü “Tbilisi-78” caz festivalında çəkilib. Bunu festivalla bağlı arxiv kadrlara baxanda da görmək olur. Belə ki, V.Mustafazadə kadrlarda və fotoşəkildə eyni geyimdədir.  

Ş.Eyvazov bildirib ki, kolleksiyasında V.Mustafazadənin həmin festivalda çəkdiyi başqa fotoları da olmalıdır. O, çoxillik arxivində həmin fotoların neqativlərini axtarıb tapması üçün vaxtın tələb olunduğunu deyib.

Fotoşəkildə V.Mustafazadə piano arxasında əyləşib, fotoaparatın obyektivinə baxıb gülümsəyir. Ş.Eyvazov həmin anı əbədiləşdirib.

Təbəssüm insanın daxili aləmini və emosiyalarını sözsüz təsvir edir. Vaqifin fotodakı təbəssümü heyranedici və sirlidir. Bənzərsiz əsərləri kimi.

Cazmenin nadir fotosunun surətini onun Bakıdakı ev-muzeyinə təqdim etmişəm. Muzeyin direktoru Afaq Əliyeva fotoşəklin bu günə qədər onlara məlum olmadığını bildirdi. O, fotoşəklə görə minnətdarlığını bildirib onu çərçivəyə salıb rəfə yerləşdirdi. Musiqiçinin Tbilisidə 46 il öncə çəkilən nadir fotosu ilə artıq muzey ziyarətçiləri də tanış ola bilir. Fotoşəkil heç bir ziyarətçini laqeyd qoymayacaq, çünki V.Mustafazadə oradan gülərüz və dərin ifadəli baxışla baxır.  

Cəmilə Babayeva