Bu gün Azərbaycan milli mətbuatının yaranması və inkişafında mühüm xidmətləri olmuş görkəmli ziyalı, ədib, ictimai-siyasi xadim, publisist, pedaqoq Ömər Faiq Nemanzadənin (1872-1937) anadan olmasından 152 il ötür.
Tiflisdə 1905-ci ildə “Qeyrət” mətbəəsinin yaradılması məhz onun adı ilə bağlıdır. Həmin ilin aprelin 7-dən mətbəədə nəşrinə başlanılan “Molla Nəsrəddin” jurnalının təsisçisi və redaktoru Cəlil Məmmədquluzadə həmin dövrü belə xatırlayırdı:
“…Biz mətbəəni ələ gətirmək, gələcəkdə ondan istifadə etmək niyyəti ilə başladıq elə bir üçüncü yoldaş axtarmağa ki, o bir qədər pula malik olsun”.
Qeyd olunmalıdır ki, həmin vaxt Tiflisdə nəşr olunan “Şərqi-Rus” qəzeti bağlanmışdı və mətbəəsi satışa qoyulmuşdu.
Belə bir adamı Ömər Faiq özü tapır. Naxçıvanlı Məşədi Ələsgər Bağırov mətbəəni almaq üçün onlara borc pul verir, sonra da həm mətbəənin, həm də “Molla Nəsrəddin” jurnalının xərclərini öz öhdəsinə götürür. Yeni mətbəə “Qeyrət” adı ilə 1905-i il mart ayında fəaliyyətə başlayır. Bunula da Azərbaycan ədəbi-mədəni həyatında yeni bir mərhələ açılır.
Nemanzadə çalışırdı ki, “Qeyrət” mətbəəsi təzə fikirlərin qeyrət meydanına çevrilsin. Onun fikri tam aydın idi:
“Əsl fikir və niyyətimiz budur ki, əldən gəldiyi, gücümüzün çatdığı qədər fənni, elmi, sənayeyi, ədəbi, tarixi kitabların nəşrinə vaqif olaq, bəlkə bununla “halımızı, rəngimizi, gələcəyimizi” dəyişməyə nail olaq”.
Mətbəə geniş fəaliyyətə başlayandan sonra Ömər Faiq Cəlil Məmmədquluzadə ilə birlikdə yeni mətbuat orqanı yaratmaq fikrinə düşür və əvvəlcə “Torpaq” adlı jurnal çıxarmaq üçün hökumətə müraciət edir. Ömər Faiq yazır ki, “jurnalın mudirliyi və baş mühərrirliyi Mirzə Cəlilin arzusu və tələbi ilə mənim öhdəmə qoyuldu”. Lakin Baş mətbuat idarəsi Ömər Faiqin Turkiyədə təhsil aldığını bəhanə edib jurnal nəşrinə icazə vermədi. Bir az sonra C.Məmmədquluzadənin “Novruz” adında çap etmək istədiyi qəzet də baş tutmadı. Nəhayət, hər iki dost 1906-cı ildə məşhur “Molla Nəsrəddin” jurnalının nəşrinə nail oldular. Rəsmi redaktoru Cəlil Məmmədquluzadə, məsul katibi isə Ömər Faiq idi. Mirzə Cəlil olmayanda Faiq əfəndi jurnalda “sahibi-ixtiyar” idi, “hər barədə: xərclər və pullar barəsində, habelə jurnalın məzmunu barəsində”.
Bundan sonra Ömər Faiqin publisistik fəaliyyətinin çiçəklənmə dövrü başlayır. O, redaksiyada Mirzə Cəlilin əvəzsiz köməkçisinə, jurnalın əsas aparıcı qüvvəsinə çevrilir.
Ömər Faiqin jurnalla bağlı xatirələrindən məlum olur ki, hər iki əməl dostu ad üstündə çox düşünmüş, bir çox adlar sadalanıb tullandıqdan sonra “Molla Nəsrəddin” üstündə dayanmışdılar. Çünki Faiq əfəndinin fikrincə, “Molla Nəsrəddin” deyəndə oxucu düşünə bilər ki, onda gülməli hekayələr, əyləncəli söhbətlər, ibrətli sözlər var.
Ömər Faiqin xatirələrindən:
“Jurnala olan rəğbət ancaq və ancaq geniş kütlə tərəfindən idi. Bəylərdən, dövlətlilərdən, ruhanilərdən ətək-ətək söyüş, lənət və hədə kağızları alırdıq. Jurnala yuxarıdakı təbəqədən lənət, nifrət yağır, əməkçi deyilən təbəqədən isə hörmət qalxırdı. Birinin incidiyi, qəmləndiyi nisbətdə o birinin sevinci artırdı”.
_____________
Mənbə: “Ömər Faiq Nemanzadə”. Bakı-1985. Müəllifi Şamil Qurbanov
Həmçinin oxu: