Bu gün “Əhməd haradadır?” filmində (1963) yaddaqalan Ceyran obrazının yaradıcısı Nana Paçuaşvilinin doğum günüdür. Gürcüstanın Xalq artistinin 82 yaşı tamam olur.
Aktrisanın Ceyran roluna seçilməsinin maraqlı tarixçəsi var.
Aziz.ge N.Paçuaşvilinin həmin dövrlə bağlı xatirələrini təqdim edir. Xatirələr onun “Tbiliselebi” jurnalına və “PrimeTime” qəzetinə müsahibələrindən götürülüb.
Azərbaycan kinosuna dəvətin tarixçəsi
Bu filmə dəvət olunanda mən teatr institutunun tələbəsi idim. Dodo Aleksidzenin mühazirəsi idi. Qapı açıldı və rejissor İsgəndərov (Adil İsgəndərov) içəri daxil oldu. O, baş rolu – Ceyranı ifa edəcək aktrisanı axtarırdı. Fikrimcə, həmin aktrisanı Bakıda çox yaxşı tapmaq olardı, lakin görünür bu, ya rejissorun şıltaqlığı, ya da baxışı idi. O, məni gördü və dedi: Ceyranı artıq tapdım. Lakin filmin əsas qəhrəmanı ilə heç bir ortaq cəhətim yox idi. Mən çox arıq, sarışın və çilli qız idim. Rejissor məni dəvət etdi və məni rola təsdiqlədilər. Çəkilişlər Bakıda aparılırdı.
Bakıda yaşanan faciə
Filmə çəkilən zaman yenicə ailə həyatı qurmuşdum. Bakıda faciə yaşadım. Həyat yoldaşım, onun qardaşı və dostu da Bakıya gəlmişdi. Biz hoteldə idik. Hər şey saniyələr içində baş verdi, mən nə baş verdiyini anlamadım. O, özü ilə maqnitofon gətirmişdi. Onu yüksək cərəyan vurdu. Mənə deyildiyi kimi, ona toxunsaydım, dərhal öləcəkdim. Çox pis xatirələrim var, ona görə də Bakıda olmaq mənim üçün bir az çətindir.
Həyat yoldaşım mən çəkilişlərdə olanda maqnitofon vasitəsilə fars dilini öyrənirdi. Valideynlərim istəmirdi ki, ağır maqnitofonu özümüzlə səfərə götürək. O, bir əlində mikrofon tutmuşdu və bu zaman yüksək cərəyan onu vurdu. Tamaz gözlərimizin qarşısında yerə yıxıldı. Heç nə xatırlamıram, yalnız yadımdadı ki, uzanmışdım, ayağa qalxıb təcili yardım maşını üçün küçəyə qaçdım. Ona kömək edə bilmədik. Bu, mənim üçün böyük faciə idi, zərbə idi. Cəmi dörd ay yarım birlikdə yaşadıq. Demişdim ki, heç vaxt Bakıya getməyəcəyəm. Uzun illər ötəndən sonra Bakıda qastrol səfərinə getməyə cəsarət etdim və həmin faciə gecəsi ayaqyalın, köynəksiz, çılğın qaçdığım küçələri gəzdim. Bu, xatırlamaq istəmədiyim bir yuxu idi. Həmin faciə zamanı iki aylıq hamilə olduğumu bildim.
Dekabrın 31-də oğlum dünyaya gəldi və ona həyat yoldaşımın adını qoydum. Onun doğulması böyük hadisə idi, lakin həm də böyük bir kədər idi. Onun atası yox idi.
“Ceyran” azərbaycanlılar haqda
“Əhməd haradadır?” filmi Azərbaycanda çox populyardır. Məsələn, bizim “Keto və Kote” filmi kimi. Azərbaycanda bu filmi çox sevirlər. Bu filmlə bağlı mənim haqqımda sənədli film çəkmək istəyirdilər. Yerli telekanallar məni dəvət etdilər və yubiley tarixinə həsr olunan veriliş hazırladılar. Demək istəyirəm ki, azərbaycanlılar çox istiqanlı və mehriban xalqdır.
Qeyd edək ki, aktirsanın oğlu Tamaz Apxaidze 2020-ci ilin fevralında dünyasını dəyişib. Onun qəfil vəfatı N.Paçuaşvilinin həyatında ağır izlər buraxıb. Üzləşdiyi ağır itkilərə baxmayaraq, aktirsa peşəsinə olan hədsiz sevgisi sayəsində Rustaveli Milli Teatrının səhnəsində fəaliyyətini davam etdirir.
2019-cu ildə aktirsanın “Report”a verdiyi müsahibəsində (müəllif Cəmilə Babayeva) o, Azərbaycanda fəxri ada layiq görülməməsindən təəccübünü ifadə etmişdi. O, bu barədə söyləmişdi:
“Amma hesab edirəm ki, fəxri ad verə bilərlər. “Əhməd haradadır?” filmi çoxdan lentə alınıb və yəqin buna görə də Azərbaycan dövlətinin fəxri adına layiq görülməyimin vaxtı keçib. Bu ad mənə verilsə, mənim üçün böyük şərəf olar”.