Gürcüstanın Saqareco rayonunun Yormuğanlı kəndində “Şəhid” memorial abidəsi var. Abidə 20 Yanvar faciəsi və Tbilisidə 1989-cu ildə törədilən 9 aprel hadisələrində həlak olanların xatirəsinə həsr olunub.
Abidənin müəllifi kimdir və nə zaman ucaldılıb?
Aziz.ge abidənin ərsəyə gəlməsinin tarixçəsini təqdim edir.
Memorialın müəllifi əslən Gürcüstanın Qaraçöp mahalından olan tanınmış keramikaçı-rəssam, Azərbaycanın Əməkdar rəssamı mərhum Zahid Hüseynovdur (Şəmirli).
“Şəhid” abidəsinin layihəsi Yormuğanlı kəndindən olan 20 Yanvar şəhidi Ələsgər Yusif oğlu Qayıbovun doğma kəndində xatirəsinin əbədiləşdirilməsi məqsədilə hazırlanıb. Abidənin yaradılması və ucaldılmasında müəllifinin böyük rolu olub. O zaman Bakıda çalışan rəssam Qanlı Yanvar hadisələrindən təsirlənərək Azərbaycan və gürcü xalqlarının ümumi ağrı-acısı ilə yanaşı, azadlıq yolunda əzmkarlığını, qırılmazlığını və mərdliyini bir abidədə əks etdirir.
Z.Hüseynov abidə üzərində işə başlayarkən onu 20 Yanvar faciəsinin birinci ildönümünə qədər tamamlamağı qarşısına məqsəd qoymuşdu. O, məqsədinə nail olur və 1991-ci ilin yanvarın 20-də “Şəhid” abidəsinin açılış mərasimi keçirilir.
Abidə sinəsini qabağa verərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların ümumiləşdirilmiş bir obrazını təcəssüm etdirir və “parçalansam, iztirab çəksəm də, qırılmazam” mənasını ifadə edir.
2014-cü ildə Azərbaycanın Gürcüstandakı səfirliyi və SOCAR şirkətinin dəstəyi ilə abidə üçün postament qoyulub və ətrafı abadlaşdırılıb.
Hər il Qanlı Yanvarın ildönümündə “Şəhid” abidəsi ziyarət olunur, Ələsgər Qayıbovla yanaşı, həm Azərbaycan, həm də Gürcüstan xalqının azadlığı uğrunda canlarını qurban verən mərd oğul və qızların əziz xatirəsi böyük ehtiramla yad edilir. Anım mərasimlərində azadlıq fədailəri ilə yanaşı, abidənin müəllifi Z.Hüseynov da yad edilir.