Aziz.ge Azərbaycanın Xalq şairi Məmməd Rahimin (1907-1977) “Tbilisi” adlı şeirini təqdim edir.
Şair şeirdə Gürcüstan paytaxtının məğrurluğunu və gözəlliyini təsvir edib, Tbilisidə yazıb yaratmış görkəmli azərbaycanlı ədiblərin adlarını qeyd edib. O, Molla Pənah Vaqif kimi Tbilisinin gözəllərini vəsf etdiyini yazıb.
Sən ağ günlərini gördün sabahda,
Ümid bağlayaraq öz əllərinə.
Gəlib Qarabağdan Molla Pənah da
Şeirlər söylədi gözəllərinə.
***
Yaxşı xatırlayaq, dan söküləndə
Puşkini qoynuna sən almadınmı?
Ellərin bayramı qara gələndə
Gün kimi tutulub qaralmadınmı?
***
Oğullar uğrunda düşdü zindana,
Getdi sürgünlərə qolları bağlı.
Əyilmədin şaha, çara, sultana,
Yaşadın ömrünü qaralı, ağlı.
***
Əsla barışmadın keçmiş zamanla,
Tərlanlar böyütdün eldə, obada.
Üç dildə söz qoşub ötdü kamanla
Sənin qucağında Sayat Nova da.
***
Ağrıdın, duyduqca sakit axşamlar-
Hicran möhnətini hər müztəribin,
Sızladı çıraqlar, ağladı şamlar,
Dinləyib sazını Aşıq Qəribin.
***
Sənan vidalaşıb əməllərilə,
Sevdi, könül verdi gözəl Xumara.
Ancaq ki, dövranın sərt əllərilə
Çəkildi aşiqin sevgisi dara.
***
Yaşadı qoynunda fəxrim, vüqarım, –
Mirzə Şəfi, Ləli, Mirzə Fətəli.
İndi qucağında ucalır göyə
O böyük ustadın məğrur heykəli.
***
Kürlə qucaqlaşan səfalı şəhər,
Verildi taleyin öz əllərinə.
Mən də Vaqif kimi, vəfalı şəhər,
Şeirlər yazmışam gözəllərinə.
***
Dostluğun, mərdliyin gözəl diyarı,
Qanlı cəlladlara bombalar atdın.
Nəsibin olalı əməl baharı
Bəxtiyar günlərə çatdın, nə çatdın!
***
Azad bir dünyada gəz iftixarla,
Qardaşın Bakıyla daima qoşa.
Mən də nəğmə qoşum sənə vüqarla,
Deyim, Tbilisi, yaşa, min yaşa.