Gürcüstanda ilk parlament seçkilərinin keçirilməsindən 106 il ötür. Gürcüstan Demokratik Respublikasının milli qanunverici orqanı olan Müəssislər Məclisinə seçkilər 1919-cu ilin 14-16 fevral tarixində baş tutub.
1918-ci ildə Gürcüstanın müstəqillik əldə etməsindən sonra təşkil olunmuş çoxpartiyalı və azad seçkilər bir çox cəhətdən əlamətdar hadisə kimi tarixə düşüb. Proporsional sistem üzrə keçirilmiş seçkilərdə seçici fəallığı 81% təşkil edib.
Həmin seçkilərdə Gürcüstanın cinsindən və mənşəyindən asılı olmayaraq 20 yaşdan yuxarı bütün vətəndaşları səsvermə hüququndan istifadə edə bilib. O dövrdə dünyanın əksər ölkələrində qadınların səsvermə hüququnun olmadığı bir vaxtda Gürcüstanın Müəssislər Məclisinə beş qadın seçilib.
Bundan başqa, Gürcüstanda yaşayan etnik azlıqların nümayəndələrinə seçkilərdə səs verməklə yanaşı, deputat seçilmək imkanı da verilib.
1919-cu ilin fevral seçkiləri Gürcüstanda demokratik cəmiyyətin formalaşması yolunda mühüm addım kimi qiymətləndirilir. 15 seçki subyektinin iştirak etdiyi seçkilərə 11 nəfər soydaşımız namizəd kimi qatılıb.
Onlardan 5-i Borçalının Müsəlmanlar Qrupunu təmsil edib. Qrup seçkilərin 12-ci subyekti olub. Borçalı sakinləri 5 nəfər namizədin siyahısını Gürcüstanın o zamankı Mərkəzi Seçki Komissiyasına təqdim ediblər. Siyahıda namizədlərin ad-soyadları gürcü dili ilə yanaşı, Azərbaycan (əski əlifba ilə) və rus dillərində də göstərilib.

Gürcüstanın Milli Arxivində saxlanılan həmin siyahıda namizəd soydaşlarımızın yaşayış yerləri də qeyd edilib.
- Axundov Böyük bəy Ağa bəy oğlu (Aşağı Saral kəndi)
- Əlizadə Mirzə Rza Mahmud Əli oğlu (Faxralı kəndi)
- Məmmədov Molla Abbas Hacı Qasım oğlu (Axlı Mahmudlu kəndi)
- Mursaqulov İbrahim bəy Hacı ağa oğlu (Qızılhacılı kəndi)
- Qurban Həsən oğlu (Saraçlı kəndi)
Qeyd edək ki, hazırda Aşağı Saral, Axlı Mahmudlu, Qızılhacılı Marneuli, Faxralı və Saraçlı isə Bolnisi rayonunun kəndləridir.
Digər 5 namizədi isə Gürcüstan Müsəlmanlarının Milli Şurası irəli sürüb. Seçki subyekti 6 nömrə altında seçkilərə qatılıb. Onların siyahısı aşağıdakı kimidir:
- Bayramov Əli bəy Aslan ağa oğlu
- Xan Əhmədov Abbasqulu Cabbar oğlu
- Bayramov Qasım Abbas oğlu
- Bayramov Əli Mirzə Molla Məhəmməd oğlu
- Xəlilov İsmayıl İsa oğlu

Siyahıda namizədlərin yaşayış yerləri göstərilməyib.
Borçalını təmsil etmiş seçki subyekti qoyulmuş limiti aşa bilmədiyi üçün üzvləri Müəssislər Məclisində təmsil oluna bilməyib. Subyekt cəmi 77 səs əldə etmişdi. 60 səs toplamış Gürcüstan Müsəlmanlarının Milli Şurası da qanunverici orqanda təmsilçilik qazana bilməyib.
Seçkilərin nəticələrinə əsasən, Gürcüstanın Sosial-Demokrat Partiyası böyük üstünlüklə (130 yerdən 109-nu) qələbə qazanır. 1919-cu ilin sentyabrında parlamentə keçirilmiş ilk əlavə seçkilərdə sosial-demokratlar 4 yer itirir və həmin yerləri Erməni İnqilab Federasiyasının (“Daşnaksütyun”) nümayəndələri tuturlar. “Daşnaksütyun”un ilk seçkilərdə əldə etdiyi 2 353 səs parlamentə daxil olmaq üçün yetərli deyildi. “Daşnaksütyun”çulardan başqa parlamentdə sosial-demokratları təmsil edən daha dörd etnik erməni də yer qazanmışdı. Bununla Gürcüstanın ilk parlamentində 8 etnik erməni deputatın yer aldığı məlum olur. Sonradan onların sayının 10-a çatdığına dair məlumatlar var.
Sosial-demokratların siyahısından seçilmiş Hüseynqulu Məmməd oğlu (Hüseyn Məmmədov Qulu Məmmməd oğlu) Müəssislər Məclisində yeganə müsəlman, azərbaycanlı deputat olur. O, Yormuğanlı kəndindən idi. Hüseynqulu Məmməd oğlunun Gürcüstanın Milli Arxivində saxlanılan fotoşəkli Tbilisidə çəkilib. Fotoşəklin bir surəti Gürcüstanın Milli Kitabxanasının arxivində saxlanılır.

Müəssislər Məclisi fəaliyyət göstərdiyi iki il ərzində 126 qanun və ilk Konstitusiyanı qəbul edib. Ölkənin əsas qanununun qəbulu 1921-ci ilin fevralın 22-nə — XI Qırmızı ordu hissələrinin Tbilisiyə yaxınlaşdığı günə təsadüf edib.

Məclis fevralın 25-də Tbilisidən Kutaisiyə, daha sonra Batumiyə təxliyə olunub. Martın 21-də Batumidə məclis son iclasını keçirib və üç gündən sonra bolşeviklər Müəssislər Məclisinin buraxıldığını elan ediblər.
Mövzu ilə bağlı araşdırma davam etdiriləcək.
Aziz.ge