Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadə tərcümeyi-halında Tiflisdəki “Annona” yeməkxanasının adını qeyd edib. O yazır ki, 1903-cü ildə xəstə övrətini Tiflisə gətirdiyi vaxt “Şərqi-rus” qəzetinin sahibi Məhəmməd ağa Şahtaxtlıya rast gəlir.
“Məhəmməd ağa məni apardı “Anunna” yeməkxanasına. Orada məni qonaq elədi və məndən soruşdu ki, yazıdan-pozudan nəyin var? Mən cibimdən Novruzəlinin poçt qutusuna kağız salmaq hekayəsini çıxartdım, verdim Məhəmməd ağaya. Ədibi-möhtərəmimiz hekayəni oxuya-oxuya elə şiddətlə güldü ki, qonşular bizə tərəf təəccüblə baxmağa başladılar. Buradan Məhəmməd ağa məni zorla apardı düşdüyüm “Qafqaz” mehmanxanasına və zorla mənim yatacağımı və şeylərimi qoydu faytona, məni apardı evinə ki, gərək qalam onun qəzeti üçün hekayə yazan olum. Mən qaldım…”
“Annona” haqqında nə məlumdur?
“Annona” XIX əsrin əvvəllərində Tiflisin ən məşhur yeməkxanalarından biri olub. 1900-cü ilin əvvəlində açılan məkan kasıblar üçün xeyriyyə yeməkxanası funksiyasını daşıyırdı və sahibi Y.T.Bondarenko idi. Daha sonra şəhərin Avropa və Asiya mətbəx nümunələrinin, canlı ifa və klassik musiqinin təqdim edildiyi birinci dərəcəli restorana çevrilib. Restoranın şöhrəti Gürcüstanın hüdudlarını da aşıb.
Restoran harada yerləşib?
“Annona” Tiflisin keçmiş Qolovin, hazırkı mərkəzi Rustaveli prospektində yerləşib. Restoran Tiflis İncəsənət Cəmiyyətinin binasının aşağı mərtəbəsində fəaliyyət göstərib.

Bu bina hazırda Gürcüstanın Şota Rustaveli adına Milli Teatrına məxsusdur. “Annona” 1919-cu ildən “Kimerioni” kafesinə çevrilib. Yeni ədəbi-bədii kafe 1922-ci ilədək fəaliyyətdə olub. Kafenin vaxtilə olduğu məkanda hazırda teatrın qarderobu yerləşir.

Mənbə: Teleqraf