Abdulla Şaiqin Bakıdakı Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə görkəmli ədibin Gürcüstanın Marneuli rayonundakı xatirə guşəsinin bərpası ilə bağlı Azərbaycanın bu ölkədəki səfirliyinə müraciət edib.
Ədibin nəvəsi bildirib ki, Marneulidəki xatirə guşəsinin vəziyyəti barədə məlumatlıdır. Onun sözlərinə görə, guşənin rəsmi açılış mərasimində atası Kamal Talıbzadə, Kvemo Kartli bölgəsinin o zamankı qubernatoru Levan Mamaladze də iştirak edib.

“Təəssüflər olsun ki, xatirə guşəsi hazırda acınacaqlı vəziyyətdədir. Onun bərpa olunaraq yaxşı vəziyyətə gətirilməsini çox istərdim. Abdulla Şaiqin nəvəsi və muzeyin direktoru kimi Azərbaycanın Gürcüstandakı səfirliyindən xahiş edirəm ki, əgər mümkündürsə, imkan daxilində bərpa işlərini öz üzərilərinə götürsünlər. Ümid edirəm ki, Abdulla Şaiqin ata-baba yurdundakı xatirə lövhəsi tezliklə onun adına və ədəbiyyatımızdakı yerinə layiq formaya gətiriləcək”, – deyə Ü.Talıbzadə söyləyib.
Qeyd edək ki, bu gün Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, görkəmli yazıçı, böyük müəllim və ictimai xadim Abdulla Şaiqin anadan olmasından 144 il ötür. Marneulinin Karkaraşvili küçəsində 2001-ci ilin avqustunda açılmış xatirə guşəsinin bərpaya ciddi ehtiyacı var.
Mənbə: Teleqraf
Həmçinin oxu:
Abdulla Şaiqin Gürcüstandakı xatirə guşəsinin bərpaya ehtiyacı var