Gürcü rəssam Nona Giunaşvili qum üzərində Xocalı faciəsinə həsr olunan rəsm çəkib.
Aziz.ge xəbər verir ki, o, əsəri ötən gün Tbilisidə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbirində 20 dəqiqə ərzində ərsəyə gətirib.
Əsərdə faciəni əks etdirən ağrılı-acılı səhnələrlə yanaşı, azad Xocalı təsvirləri və “Justice for Khojaly” (“Xocalıya ədalət”) şüarı da yer alıb.

Xocalı mövzusunda əsər Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşəbbüsü, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə yaradılıb.
N. Giunaşvili bu zamana qədər Xocalı faciəsi barədə məlumatlı olmadığını bildirib.
“Bu mövzuda rəsm çəkmək təklifi alanda hadisə barədə maraqlandım və tanış olduğum məlumatlar məni çox təsirləndirdi. Mən Qori şəhərindənəm. 2008-ci ilin avqust müharibəsində doğma şəhərimdə baş verənlərin şahidiyəm. Həmin müharibəyə həsr etdiyim əsər ağır mövzuda ilk əsərim olub. Xocalı faciəsi haqqında əsər yaratmağa böyük məsuliyyətlə yanaşdım. Səhnələr çox təsirli idi deyə emosiyalarsız yanaşa bilmədim”, – rəssam söyləyib.
O, Xocalı faciəsinə həsr etdiyi əsəri sosial şəbəkə hesablarında paylaşacağını və “Xocalıya ədalət” kampaniyasına dəstəyini ifadə edəcəyini vurğulayıb.
Qeyd edək ki, N.Giunaşvili Gürcüstanda qum üzərində müxtəlif mövzularda kompozisiyalar yaradan tanınmış rəssamdır. O, 2012-ci ildə “Rustavi 2” telekanalının “Niçieri” (“İstedadlar”) layihəsinin qalibi olub.
Mənbə: Teleqraf