Tbilisi, Pərixanım Sofiyeva küçəsi — FOTOLAR

Tbilisidə demokratik yolla seçilən ilk qadın millət vəkili olmuş Pərixanım Sofiyevanın adını daşıyan küçə Poniçala deyilən ərazidə, Marneuli şossesinin yaxınlığında yerləşir.

Aziz.ge xəbər verir ki, P.Sofiyevanın adı bu küçəyə 2023-cü ildə verilib. Təşəbbüs hüquq müdafiəçisi Samirə Bayramovaya məxsus olub.

Küçə məskunlaşmanın davam etdiyi ərazidədir. Burada fərdi evlər yerləşir, bəzilərinin inşası davam etdirilir.

Küçədə ad bildirən 22 lövhə var. Lövhələrdə Pərixanım adı gürcücə və ingiliscə səhvən “Pəri-Xan” yazılıb.

Sakinlərin yaşadıqları küçənin kimin adını daşımasını bilmələri üçün lövhələrdən birinin yanında Pərixanım Sofiyeva haqqında hər iki dildə qısa məlumatın olduğu eyni ölçüdə lövhə də yerləşdirilə bilərdi. Tbilisidə bəzi görkəmli şəxsiyyətlərin adlarının verildiyi küçələrdə bu təcrübə tətbiq olunub.

Nümunə olaraq 2020-ci ilin oktyabrında Tbilisidə açılan ictimai xadim Qriqol Volski küçəsinə vurulan lövhəni göstərmək mümkündür.

Xatırladaq ki, Qardabani rayonunun Qaracalar kəndindən olan P.Sofiyeva (1884-1951) 1918-ci ildə Tiflis qəzası bələdiyyəsinə bitərəf millət vəkili seçilib. O, tarixə müsəlman dünyasının demokratik yolla seçilən ilk qadın millət vəkili kimi düşüb.