Tiflisdə Azərbaycan musiqisi və aşıqları lap əvvəllərdən məşhur idilər. Aşıq dastanlarından “Koroğlu” xüsusi şöhrət qazanmışdı. Onu Azərbaycan, gürcü və erməni dillərində oxuyurdular. Tiflisdə görkəmli azərbaycandilli erməni şairi Sayat Nova yaşayıb-yaradırdı. Onun mahnılarını şəhərin hər yerində əhalinin bütün təbəqələri Azərbaycan dilində oxuyurdu. Böyük Azərbaycan şairi Mirzə Şəfinin nəğmələri də az şöhrət tapmamışdı.
Təkcə Tiflisdə yox, həm də bütün Gürcüstanda Borçalı qəzasının Şulaver kəndindən olan aşıq Azır böyük şöhrət qazanmışdı. Gürcü mənbələrinin yazdığı kimi, o, Tiflisdə aşıqların-həmkarların (azərbaycanca ittifaqın, aşıqlar cəmiyyətinin) əsas ustadı idi. Tiflisdə sazəndələr, tarçalanlar, zurnaçalanlar və s. həmkarlar fəaliyyət göstərirdi. Onların öz bayraqları var idi. Həmkarların ustabaşısı isə böyük, gözəl zəncirdən asılmış xüsusi nişan gəzdirirdi.
Tiflisdə muğam dəstəsi (ansambl) — muğam, təsnif və şəhər nəğmələri oxuyan sazəndələr də vardı. Belə qarışıq dəstələrdən birinə Tiflisə həmişəlik yaşamağa gələn görkəmli şuşalı xanəndə Məcid Behbudov başçılıq edirdi. Dəstə-kvartetə dəfli xanəndə, tarzən, kamançaçalan (gürcücə çianuri) və qoşanağaraçalan (gürcücə diplipito) daxil idilər.
Tar və kamança Tiflisin zadəgan mühitində böyük şöhrət qazanmışdı. XIX əsrin sonu-XX əsrin əvvəllərində ali təbəqənin varlı nümayəndələrinin evlərində qonaq zallarının divarlarını bəzəyən xalçaların üstündə tar və kamança asmaq qəbul olunmuşdu.
Tiflisdə hörmətli qonaqları və dostları səhər serenadası ilə oyatmaq dəbdə idi. Bu musiqi, yaxud nəğmə “Səhəri” adlanırdı və “Segah” muğamı üstündə oxunurdu. “Səhəri” həmçinin bayramlarda və toylarda ifa edilirdi. Matəm mərasimlərində nəfəsli alətlərdə “Zəminxarə” çalınırdı. Tiflisdə “Qarabağ şikəstəsi” çox məşhur idi. Musiqi kvartetləri-dəstələr “sazəndələr” adlanırdı, aşıqların ifa etdikləri oyunlara isə “Nəqli” deyilirdi. Bu da Azərbaycan dilində “nağıl”, “rəvayət”, “dastan” deməkdir.
Muğamı Tiflisdə çox vaxt “Bayatı” (Azərbaycanlılarda “Bayatı-Qacar”, “Çoban Bayatısı” və s.), gürcüləşdirilmiş muğamı isə “muğambaz” (“muğambazı” Azərbaycanca – “muğama oxşar”) adlandırırdılar.
XIX əsrdə Tiflisdə yaranan şəhər mahnıları gürcü dilində, əsasən “Segah və “Bayalı-Şiraz” üstündə oxunurdu. Şəhər mahnılarının ən məşhur ifaçısı və şairi Yetim Gürcü idi. “Anabacı” poemasını yazandan sonra o, xalq arasında məşhurlaşmışdı.

Şəhər mahnılarını əsas oxuyanlar, şəhər modabazları “qaraçoxeli” (Azərbaycanca “qara çuxa geyinənlər”) adlanırdılar.
Yuxarıda bütün deyilənlərdən göründüyü kimi, Azərbaycan musiqisi, Azərbaycan musiqi alətləri və Azərbaycan terminologiyası Tiflisdə geniş yayılmışdı. Bax, ona görə də Bülbülcan, Sadıqcan, Cabbar Qaryağdıoğlu, Məcid Behbudov, Seyid Şuşinski və bir çox görkəmli musiqiçilər ilə Şuşa ansamblları Tiflisdə muğamın incəliklərini çox gözəl başa düşən, qədirbilən dinləyicilər tapmışdılar.

Mənbə: Çingiz Qacarın “Köhnə Şuşa” kitabı. (Bakı 2019)