Bu gün Azərbaycanın Xalq şairi Cabir Novruzun (1933-2002) anadan olmasından 92 il ötür.

Aziz.ge şairin “Mənim gürcü qardaşım” adlı şeirini təqdim edir.
Mənim gürcü qardaşım,
Sən yaxşı tanıyırsan
öz ürək sirdaşını.
Səpərəm üzərinə dünyanın
qaş-daşını.
Öpərəm hər qayanı,
öpərəm hər daşını,
Bütün səmalarını
ta torpaqdan göyəcən
Öz bağrıma basaram,
mənim gürcü qardaşım.
Bütün balalarını –
yüz yaşlı qarılardan
bir günlük körpəyəcən
Öz bağrıma basaram,
mənim gürcü qardaşım.
***
Bütün gözəllərini
oxşayaram söz ilə,
Sənə nəğmə qoşaram
kaman ilə, saz ilə,
Sənə şeir deyərəm
Kür ilə, Araz ilə,
Səsləyərəm bayrama
yüz-yüz eli, obanı,
mənim gürcü qardaşım.
Dolayaram boynuna
sonsuz Mili, Muğanı,
mənim gürcü qardaşım.
***
Alaram sənin üçün
kəhkəşanın rəngini,
Çalaram sənin üçün
Koroğlunun cəngini,
Bu həyatın ən gözəl,
ən qəşəng çələngini
Sənə hörmək istərəm
bu gün, gürcü qardaşım.
Süfrəmizin başında
səni görmək istərəm
bu gün, gürcü qardaşım.
***
Qaldıraram eşqinlə ilham piyalələri,
Tökərəm ayağına qızğın şəlalələri,
Ən zərif çiçəkləri,
ən qızıl lalələri,
Mümkün olsaydı əgər
Bütün Azərbaycanın
gülünü, çiçəyini,
sənə verərdim bu gün,
mənim gürcü qardaşım.
Mümkün olsaydı əgər
çıxararaq köksümdən
bu odlu ürəyimi
sənə verərdim bu gün,
mənim gürcü qardaşım!