Sovet dövründə 26 Bakı komissarlarının xatirələri Tbilisidə də əbədiləşdirilib. Onların adları həm küçələrə, həm parka, həm də metrostansiyaya verilib.
Vaxtilə komissarların adını daşımış küçələrdən biri indiki Nikoloz Çxeidze küçəsidir. Tbilisinin Krtsanisi rayonunda yerləşən küçəyə bu ad Gürcüstan Demokratik Respublikasının 100 illiyinin qeyd olunduğu 2018-ci ildə verilib. Çxeidze 1918-ci ildə Zaqafqaziya Seyminin sədri olub.

2018-ci ilə qədər bu küçə Vəzirov adlandırılıb. Küçədə bu gün də üzərində gürcü və rus dillərində “Vəzirov küçəsi” yazısı olan köhnəlmiş lövhələrə rast gəlinir.


Küçəyə adı verilən şəxsin tam adı Bakı komissarlarından biri olmuş Mir Həsən Vəzirovdur (1889-1918). O, Şuşada anadan olub, yazıçı, dövlət xadimi Yusif Vəzir Çəmənzəminlinin əmisi oğludur. Mir Həsən Vəzirov 1918-ci ildə Bakı komissarları ilə bir yerdə güllələnib.
26 Bakı komissarlarından daha biri Məşədi Əzizbəyovun adına olmuş küçə də Krtsanisi rayonunda yerləşir. Bu ad küçəyə 1930-cu illərin əvvəllərində verilib. 1990-cı ildə adı dəyişdirilib və Betlemi küçəsi adlandırılıb.

“26 komissar” adını daşımış metrostansiya isə indiki Avlabar stansiyasıdır. Vaxtilə stansiyanın girişində komissarlara həsr olunan abidə də ucaldılıb. 1991-ci ildə stansiyaya Avlabar adının verilməsindən sonra abidə demontaj olunub.

Tbilisidə keçmiş Aleksandr bağı, hazırkı 9 Aprel parkı da sovet dövründə “26 Bakı komissarı” adını daşıyıb.

Aziz.ge