Batumidə 1920-1930-cu illərdə azərbaycandilli məktəb fəaliyyət göstərib. Bu fakt onu sübut edir ki, şəhərdə azərbaycanlıların sayı həmin dövrdə o həddə çatıb ki, artıq ana dilində təhsil ocağının açılmasına zərurət yaranıb. Məktəbin ibtidai, natamam orta və yaxud tam orta təhsil müəssisəsi olduğu barədə məlumatlar yoxdur. Müəssisə daha sonra uşaq bağçasına çevrilib və müəyyən vaxtdan sonra bağlanıb. Məktəb Batumidə hazırda yaşayan əksər soydaşlarımızın əcdadlarının təhsil aldığı ocaq olub.
Təhsil ocağının binası günümüzə qədər gəlib çatıb, Batuminin mərkəzində – Demetre Tavdadebuli və Rustaveli küçələrinin kəsişməsində yerləşir. Birmərtəbəli kərpic binada hazırda restoran fəaliyyət göstərir. Keçmiş məktəb binasından yalnız ön və yan fasadlar qalıb. Tikilinin fasadlarının bu günədək saxlanılması onun yerli mədəni irs abidəsi olduğunu söyləməyə əsas verir.

Binanın fasadına vurulmuş üç xatirə lövhəsi də diqqətçəkən məqamdır. Xatirə lövhələrindəki məlumatlara əsasən, binada 1895-1901-ci illərdə tanınmış gürcü ictimai xadim Luka Asatiani, 1888-1900-cü illərdə görkəmli rus yazıçıları Anton Çexov və Maksim Qorki qalıblar, 1912-1972-ci illərdə Acarıstanın əməkdar mühəndisi Boqdan Kirakosyan yaşayıb və çalışıb.


Erməniəsilli memarın xatirə lövhəsi 2018-ci ilin avqustunda onun nəslinin nümayəndələrinin təşəbbüsü və Batumi meriyası, Acarıstanın Memarlar İttifaqı və erməni icmasının dəstəyi ilə vurulub.

Təəssüflər olsun ki, vaxtilə azərbaycandilli məktəbin yerləşdiyi binada azərbaycanlıya aid bir lövhə belə quraşdırılmayıb. Yəni məktəbin müəllimləri və məzunları arasında elə azərbaycanlı olmayıb ki, Batuminin ictimai həyatında fəal olub şəhərə Kirakosyan qədər töhfə verməsin?
Keçmiş azərbaycandilli məktəbin hazırkı binası özündə yalnız gürcü, erməni və rusların xatirəsini yaşadır. Bu, digər millətlərlə müqayisədə izlərimizi axtarıb tapmamağımızın, onlara vaxtında sahib çıxmamağımızın, təşəbbüskar olmamağımızın Gürcüstandakı daha bir əyani sübutudur.
Məktəblə yanaşı azərbaycanlıların Batumidə ibadət yeri də olub. Vaxtilə soydaşlarımızın məscid kimi istifadə etdikləri birmərtəbəli tikili məktəbdən çox da uzaq olmayan Luka Asatiani küçəsində yerləşir. Tikilinin olduğu torpaq sahəsini 16 yaşında Batumiyə gəlmiş İrandan olan Xudat Bağırov 5 600 qızıl rubla alıb. Burada 1910-cu ildə şiələr üçün ibadətxana açılıb, İranın Batumidəki o vaxtkı konsulluğunun himayəsi altında fəaliyyət göstərib.

Tikili bu gün baxımsız vəziyyətdədir, istifadə olunmur. Qonşuluqda yaşayan sakinlərin bildirdiyinə görə, sovet dövründə binada layihələrin hazırlandığı “Texbüro” yerləşib. Onların sözlərinə görə, bina satılıb və onu əldə edən şəxs yetərli vəsaiti olmadığından illərdir təmir-bərpa işlərinə başlaya bilmir.
___________
Mənbə: Teleqraf