Aziz.ge İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) tarixi ilə bağlı araşdırma aparmaqda davam edir.
Sovet dövründə Tbilisidə nəşr olunan qəzetlərdən məlum olur ki, vaxtilə TDU-da Azərbaycan bölməsi yaradılıb.

“Zarya Vostoka” qəzetinin 21 iyul 1939-cu il tarixli 165-ci sayında o zamanlar Stalinin adını daşıyan TDU-nun bölməsinə yeni qəbul olunanların siyahısı dərc olunub. Siyahıdan bəlli olur ki, bölmə ali məktəbin qiyabi Pedaqoji şöbəsinin nəzdində fəaliyyət göstərib.
Həmin ildə qəbul Tarix, Təbiətşünaslıq, Ədəbiyyat, Fizika-riyaziyyat fakültələrinə aparılıb. Ən çox tələbə 35 nəfər olmaqla Ədəbiyyat və 32 nəfər olmaqla Tarix fakültəsinə qəbul olunub.

TDU-nun o zamankı rektoru Qosunta Kipşidzenin və Qiyabi şöbənin müdiri S.Siquanın adından verilən siyahıda qəbul olan tələbələr 10 günlük istiqamələndirici sessiyalarda iştiraka dəvət olunub.
Bu fakt sübut edir ki, sovet dövründə Gürcüstanda azərbaycanlı pedaqoji kadrların hazırlanması üçün lazımi şərait olub. TDU-nun Azərbaycan bölməsinə qəbul olunan Əliyevlər, Həsənovlar, Məmmədovlar, Süleymanovlar, Mursaqulovlar və digərləri məzun olaraq azərbaycanlı müəllimlər bazasını formalaşdırıblar.
Hazırda isə TDU-da nəinki Azərbaycan dili və ədəbiyyatı fakültəsi, heç Azərbaycanşünaslıq ixtisası belə yoxdur. 2023-cü ildə Azərbaycanşünaslıq ixtisasının yaradılacağı sadəcə elan edilib. Elə həmin ildə mayın 19-da TDU-da 2008-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Auditoriyası əsaslı təmirdən sonra yenidən istifadəyə verilib. Auditoriya Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və SOCAR-ın Gürcüstan nümayəndəliyinin maliyyə dəstəyi ilə yenidən qurulub.
Qeyd edək ki, Azərbaycanşünaslıq ixtisasının Qafqazşünaslıq ixtisası daxilində (Azərbaycan dili və tarixi) tədris olunduğu bildirilir.

Son iki ildə həmin auditoriyada hər hansı bir fəaliyyətin olub-olmaması məlum deyil. Amma həmin məkana TDU-da təhsil alan gürcü, yerli azərbaycanlı və əcnəbi tələbələri cəlb etməklə Azərbaycanşünaslıq üzrə mühazirələr oxuna, onlarla xalqımız, ədəbiyyatımız, mədəniyyətimiz və s. barədə söhbətlər aparıla bilər. Mühazirəçilər kimi ilk mərhələdə Gürcüstanın azərbaycanlı elm adamları və bu ölkədə magistr təhsili almış soydaşlarımızı, Tbilisidə doktorantura pilləsində təhsil alan Azərbaycan vətəndaşlarını dəvət etmək mümkündür. Ümummilli liderimizim adını daşıyan auditoriyanın Azərbaycanşünaslıq mühazirələri üçün istifadə olunması təqdirəlayiq olar.
Qeyd edək ki, 1946-1990-cı illərdə fəaliyyət göstərmiş A.S.Puşkin adına Tbilisi Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı fakültəsi olub. Fakültənin ləğvindən sonra Gürcüstanın azərbaycandilli məktəblərində ciddi kadr çatışmazlığı yaranıb və bu problem bu gün də aktual olaraq qalır.
Cəmilə Babayeva