Aziz.ge Gürcüstanda vaxtilə Uzundərə adını daşımış kənd, bu adda türk rəqsi kimi nota salınmış musiqi əsəri və yazılmış bədii əsər haqqında ətraflı məlumat təqdim edir.
Uzundərə kəndi
Uzundərə kəndi Kaxeti bölgəsinin keçmiş Tsiteltskaro (1926-1991), indiki Dedoplistskaro rayonu ərazisində yerləşib. 1924-cü ildən Tsiteltskaronun Mirzaani kəndinin bəzi sakinləri Uzundərə adlı dağın yamacında məskən salmağa başlayıblar. Kənd getdikcə böyüyüb və Uzundərə adlandırılıb.

Uzundərə adı 1946-cı ildə dəyişdirilib. Həmin ilin mayın 24-də Gürcüstan SSR-nin Ali Şurasının rəyasət heyətinin qərarı ilə mərkəzi Uzundərə kəndi olmaqla eyniadlı kənd soveti yaradılıb. Kəndin adı Qamarcveba, Uzundərə kənd soveti isə Qamarcveba kənd soveti adlandırılıb. Həmin qərar Tbilisidə o dövrdə nəşr olunan “Zarya Vostoka” qəzetinin 25 may 1946-cı il tarixli sayında Xronika bölməsində dərc olunub.

Qamarcveba sözü gürcü dilindən təcümədə “qələbə” mənasını verir. Kəndin bu cür adlandırılması 1945-ci ildə faşizm üzərində qələbənin birinci ildönümünə həsr olunub.
Qeyd edək ki, Azərbaycanın Ağdam rayonunda Uzundərə adlı coğrafi obyekt var.
Uzundərə türk rəqsi
Gürcüstan SSR-in Xalq artisti, bəstəkar Dmitri Arakişvilinin (1873-1953) əsərləri arasında “Uzundərə” adlı əsərə də rast gəlinir. 1937-ci ildə Moskvada nəşr olunmuş “D.Arakişvilinin yeddi Qafqaz rəqsi” adlı fortepiano üçün əsərlər toplusuna “Uzundərə. Türk rəqsi” adlı əsərin notları da daxil edilib.


Qeyd edək ki, bəstəkar gürcü xalq musiqilərini toplayıb və təbliğ edib. O, 1919-cu ildə “Şota Rustaveli haqqında rəvayət” adlı ilk gürcü operasını yazıb.
“Uzundərə” adlı pyes
Bu əsərin müəllifi yazıçı, ssenarist, dramaturq və kinoaktyor Merab Eliozişvilidir (1934-2012). Pyes haqqında qısa məlumat ondan ibarətdir ki, ikipərdəlidir və əsas qəhrəmanlarının adları Əlipaşa və Plavi-paşadır.
Əsər səhnəyə də qoyulub. 1990-cı ilin əvvəlində Tbilisidə yaradılmış “Əks-səda” adlı eksperimental teatr pyesin əsasında “Uzundərə” tamaşası hazırlayıb. Teatrın bədii rəhbəri Varlam Nikoladze olub. Teatrın heyəti görmə və eşitmə qabiliyyətini itirmiş şəxslərdən ibarət idi.
Qeyd edək ki, Gürcüstan Milli Parlament Kitabxanasının fotolar kolleksiyasında “Uzundərə” rəqsi adı altında iki fotoşəklə rast gəlinir. 1934-cü ilə aid həmin fotoların biri “Uzundərə” rəqsi (Ermənistan), digəri isə Axaltsixe rayonundan “Uzundərə” rəqsi adlandırılıb. Hər iki fotoşəkil həmin ildə mayın 30-dan iyunun 2-dək Tiflisdə keçirilmiş Zaqafqaziya xalqlarının I İncəsənət Olimpiadasında çəkilib. Fotoların hər ikisində eyni rəqqasə yer alıb.

