“Əsgər atası”nın Bakıda anadan olması onu azərbaycanlılara daha yaxın edirdi — Filmin premyerasından 60 il ötür

“Əsgər atası” filmi (1964) II Dünya müharibəsi haqqında ən təsirli ekran əsərləri arasında ilk yerlərdən birini tutur. Real hadisələr əsasında lentə alınmış ağ-qara filmin premyerası 60 il bundan öncə – 1965-ci ilin mayın 9-da, faşizm üzərində Qələbənin 20-ci ildönümü günündə olub. “Müharibə haqqında müharibəsiz ən yaxşı film” adlandırılan kinolentin süjeti izləyicilərə bu gün də güclü təsir edir. 2013-cü ildə filmin rəngli variantı hazırlanıb.

Filmin rejissoru Rezo Çxeidze danışırdı ki, əsgər atası – Giorgi Maxaraşvilinin (SSRİ Xalq artisti Serqo Zakariadze) üzümlüyün üzərindən tankla keçən zabiti vurmasının yer aldığı epizoda görə bədii filmin tam versiyada nümayişinə icazə verilmirdi. Gürcü babanın bu hərəkəti orduda itaətsizliyə birbaşa çağırış kimi qiymətləndirilmişdi. Ordu generalı Vostokovun müdaxiləsi sayəsində film tam versiyada ekranlara çıxır. Vostokov Çxeidzeyə demişdi: “Burada əsgər zabiti cəzalandırmır, ata oğlu yaşında olan tankçıya tərbiyə verir ki, üzüm də daxil olmaqla hər bir canlını qorusun”.

Bakıda doğulan Serqo Zakariadze Giorgi Maxaraşvili roluna rejissorun yeganə namizədi idi. Rezo Çxeidze ssenarini aktyora oxuyarkən o, göz yaşlarını saxlaya bilməyərək “Doğrudanmı mən bu böyük rolu oynayacaq xoşbəxt insan olacağam?” demişdi.

Filmdə üzümçü Maxaraşvili Kaxeti bölgəsindən idi. 45 il öncə – 1978-ci ilin mayın 9-da bu bölgənin Qurcaani şəhərində “Əsgər atası” abidəsi açılıb. Memorial kompleksdəki barelyefdə müharibədən qayıtmayan Qurcaanidən olanların ad və soyadları həkk olunub. Həlak olanların siyahısında soyadların əksəriyyəti Maxaraşvilidir.

1971-ci ilin aprelin 13-də vəfat edən aktyorla vida mərasiminə sərhədçilərin gətirdiyi əklilin lenti üzərində yazılmışdı: “Əsgər atasına oğullarından”. Rustaveli teatrında keçirilən mərasimdə Azərbaycanın Xalq artisti, kinorejissor Həsən Seyidbəyli (1920-1980) də iştirak edib. Bu barədə “Zarya Vostoka” qəzetinin 18 aprel 1971-ci il tarixli nəşrindən məlum olur. O, Azərbaycanın Teatr Cəmiyyəti və Kinematoqrafçılar İttifaqının adından çıxış edərək deyib:

Həsən Seyidbəyli

“Azərbaycanda gürcü aktyor Serqo Zakariadzenin talantına bələddirlər və yüksək qiymətləndirirlər. O, Bakıda anadan olub və bu, onu bizə daha yaxın edirdi. Serqo Zakariadze təqlidə layiq həyat yaşayıb. Onun sənəti xalqları birləşdirirdi, bir dildə danışmağa kömək edirdi”.