Gürcüstan Teatr Cəmiyyətinin sədri: Tbilisi Azərbaycan teatrının yalnız adı var

“Tbilisidəki Azərbaycan teatrı ilə bağlı məsələ bizim çox ağrılı yerimizdir. Mədəniyyət nazirinin müşaviri olduğum vaxtlardan teatrın məsələsi barədə çox yaxşı məlumatlıyam. Teatrın daxilində qeyri-sağlam mühit hökm sürür”.

Aziz.ge xəbər verir ki, bunu Teleqraf-ın yerli bürosuna müsahibəsində Gürcüstanın Teatr Cəmiyyətinin sədri Giorgi Gegeçkori deyib.

O bildirib ki, teatrın hazırkı bədii rəhbər Turqay Vəlizadənin təyinatından sonra onunla birgə Bakıda olub, Azərbaycanın o vaxtkı mədəniyyət naziri Əbülfəs Qarayevlə görüş keçirilib.

“Teatrla bağlı məsələləri, tələb olunan köməyi müzakirə etdik. Amma nədənsə teatrı heç cürə “işə salmaq” mümkün olmadı. Teatrın truppası yoxdur. Rəhbəri olduğum cəmiyyətin yerləşdiyi Akaki Xorava adına Aktyorlar Evinin tamaşa zalını təmir etdirmişik. Dəvət edirəm ki, gəlib tamaşalarını burada nümayiş etdirsinlər. Amma istək yoxdur. Mən onun arxasınca qaçmayacağam ki, özünün istəyi olmalıdır. Mütləq dəyişikliklər edilməlidir. Böyük boşluq var. Boşluq üzərində nə qurmaq olar? Təəssüflə deməliyəm ki, Azərbaycan teatrının yalnız adı var”, – Cəmiyyət rəhbəri söyləyib.

G.Gegeçkorinin sözlərinə görə, əvvəllər Gürcüstanın Teatr İnsitutunda azərbaycanlılar üçün qrup yaradılmışdı, Azərbaycan teatrı üçün kadrlar yetirşdirilirdi.

“Müxtəlif illərdə Qoça Kapanadze və Varlam Nikoladze də teatrda bədii rəhbər kimi çalışıblar. Onlar da teatrı ayağa qaldıra bilmədilər. Hazırda yerləşdiyi bina teatr üçün yararlı deyil. Mən bunu yaxşı bilirəm. Uzun illər binanın yaxınlığında emalatxanam olub. Yeni bina üçün ərazi ayrılıb, təməl qoyulub, binanın inşası böyük vəsait tələb edir. Vaxtilə belə bir ideyamız var idi ki, Azərpaşa Nemətov özü gəlib Azərbaycan teatrında tamaşa qoysun. Müəyyən müzakirələr aparıldı, gürcü və azərbaycanlı aktyorları cəlb etmək istəyirdik. Amma bu da baş tutmadı. Teatr daxilindəki çəkişmələrə görə təşkilatlana bilmədi. Tbilisidəki erməni teatrına baxsaq, tam əks mənzərəni müşahidə edərik. Təəssüf edirəm ki, Azərbaycan teatrını heç cürə canlandırmaq alınmır. Hazırkı vəziyyəti də böyük sual işarəsi altındadır”, – o deyib.