Bu gün Gürcüstan kinosunun yaranmasından 117 il ötür. Gürcü kinosunun ilk nümayişi 1908-ci ilin mayın 15-də Bakıda baş tutub. Sənədli ekran əsərinin müəllifi Gürcüstan SSR-in Xalq artisti, rejissor və kinooperator Vasil Amaşukeli (1886-1977) olub.
Aziz.ge V.Amaşukeli haqqında ətraflı məlumat təqdim edir.
Amaşukeli 1886-cı ilin martın 14-də, bəzi məlumatlara görə martın 18-də Kutaisi şəhərində anadan olub. Gimnaziyada təhsil aldığı dövrdə Lümyer qardaşlarının çəkdikləri kino tarixinin ilk filminə baxır, onun sehrinə düşərək 16 yaşında Moskvaya kino təhsili almaq üçün yollanır. Fransanın “Gomon” firmasının Moskva şöbəsində kursu başa vurandan sonra Bakıya, böyük qardaşı Mamukanın yanına gedir. Qardaşı o zaman Bakıda gürcü dram teatrında çalışırdı.

Vasil Amaşukeli Bakıda qısametrajlı bir neçə sənədli film lentə alır. Onların bəziləri günümüzə qədər gəlib çatmayıb. Rejissor kino sahəsində fəaliyyətinə kinomexanik kimi başlayıb.
Rejissorun Gürcüstan Milli Arxivində saxlanılan xatirələrindən:
“1907-ci ildə Kote Mesxinin başçılıq etdiyi gürcü cəmiyyətlərinin məclisində tamaşalar həftədə bir dəfə nümayiş etdirilirdi. Digər günlərdə biz kinolar göstərirdik… Avadanlıq “Gomon” firmasının idi. Bakıda neft istehsalına aid qısa kadrlar, Bakı xronikalarını çəkirdik və kinoteatrmızda göstərirdik”.

1911-ci ildə V.Amaşukeli doğma Kutaisiyə dönür. Şəhərdə ictimai xadimlər – Pavle Mepisaşvili və Tixon Asatianinin açdıqları “Radium” kinoteatrında öz aparaturasını quraşdırır və kinomexanik kimi çalışır. O, qısa süjetlər çəkərək kinoteatrda nümayiş etdirir.
Rejissorun yaradıcılığında yeganə tammetrajlı filmi böyük gürcü şairi Akaki Tsereteli haqqında olur. 1 500 metrlik kinolentdən yalnız təqribən 400 metri qorunub saxlanılıb. “Akaki Tseretelinin Raça-Leçxumiyə səfəri” adlı ekran əsərini rejissor şairi 1912-ci ildə səfərdə müşayiət edərkən çəkib.

Rejissor filmdə Akaki Tsereteliyə xalq sevgisi ilə yanaşı, şəhər və kənd həyat tərzini, adət-ənənələri və gürcülərin təbiətini göstərə bilib. Filmin çəkilişi prosesində şairinin özünün də iştirak etdiyi bildirilir. Ekran əsərinin premyerası 1912-ci ilin sentyabrın 30-da Kutaisidəki “Radium” kinoteatrında baş tutur. Nümayiş iki həftə dolu zalda davam edir, daha sonra Tiflis, Moskva, İstanbulda da tamaşaçılara təqdim olunur.
1971-ci ildə V.Amaşukelinin 85 illik yubileyinə həsr olunan sənədli film çəkilib. 1974-cü ildə ona Gürcüstan SSR-in Xalq artisti adı verilib. Kinorejissor 1977-ci ilin dekabrın 2-də vəfat edib, Kutaisidə “Mtsvane Kvavila” adlı panteonda dəfn olunub.