Gürcüstan telekanalında Səməndəri havası, Aşıq Ələsgərin misraları — Nargilə Mehtiyevadan uğurlu çıxış – VİDEO

Gürcüstanın Birinci kanalında yayımlanan “Xalxuri” (Xalq mahnıları) müsabiqəsində aşıq Nargilə Mehtiyeva çıxış edib.

Aziz.ge xəbər verir ki, o, Səməndəri aşıq havasının üstündə Azərbaycan xalq şeirinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin “Çərşənbə günündə, çеşmə başında” şeirinə mahnını ifa edib.

Xanım aşığı səhnədə musiqiçilər – davalda Xəqani Həsənov, qara zurnada isə Orxan Abbasov müşayiət edib. Nargilə Mehtiyeva səhnəyə çıxmazdan öncə saz, daval və zurna alətləri barədə məlumat verib, ifaçı haqqında tanıtım çarxı da nümayiş etdirilib.

Musiqi nömrəsini münsiflər heyətinin üzvləri və tamaşaçılar alqışlarla və rəğbətlə qarşılayıblar. Jürinin qərarına əsasən, Nargilə Mehtiyeva yarımfinalda yarışmaq hüququ əldə edib.

Nargilə Mehtiyeva bildirib ki, müsabiqəyə şən və oynaq ifa ilə qatılmaq özünün seçimi olub. Onun sözlərinə görə, məqsəd saz, aşıq mahnısının təbliği ilə yanaşı, zurna alətini də geniş auditoriyaya tanıtmaq olub.

Qeyd edək ki, bundan öncə “Xalxuri” müsabiqəsində Marneulidən olan Şaban Məmmədov çıxış edib. Soydaşımız “Daiqvianes” gürcü xalq mahnısını məharətlə ifa edib və yarımfinala vəsiqə qazanıb.

Müsabiqəyə Gürcüstanın hər yerindən seçilmiş 100-dən çox iştirakçı qatılıb. Peşəkar münsiflər heyəti onların ən yaxşılarını seçəcək. Qalib Almaniyanın Rudolştadt şəhərində keçiriləcək ən nüfuzlu dünya xalqları musiqisi festivalına yollanacaq.

Mənbə: Teleqraf