Tbilisidə vaxtilə şuşalı general-mayor şahzadə Əmir Kazım Mirzə Qacara (1853-1920) məxsus olmuş mülk mədəni irs abidəsidir.
Aziz.ge xəbər verir ki, Bu barədə Teleqraf-ın yerli bürosunun sorğusuna cavab olaraq Gürcüstanın Mədəni İrsin Mühafizəsi Milli Agentliyindən bildirilib.
Tikiliyə bu statusun 2006-cı ilin sentyabrın 12-də verildiyi qeyd olunub.
Binanın girişindəki divarlar və tavandakı köhnəlmiş rəsmlərin bərpasına gəlincə, qurumdan bildirilib ki, yerli qanunvericiliklə Tbilisidə yerləşən mədəni irs abidələrinin qorunub saxlanılması və bərpası şəhər bələdiyyəsinin səlahiyyətlərinə daxildir.
Qeyd edək ki, Əmir Kazım Mirzə Qacarın mülkü Erekle Tatişvili küçəsi ilə Davit Bakradze küçəsinin kəsişməsində yerləşir. Gürcü mənbələrinə əsasən, bina 1905-ci ildə inşa edilib və “Gəlir evi” olub. Tikili barədə daha ətraflı buradan oxumaq olar.
Gürcüstanın Mədəni İrsin Mühafizəsi Milli Agentliyinə sorğunun ünvanlanmasına Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi dəstək göstərib.