Tbilisidə azərbaycanlı fotoqraf-rəssamın sərgisi keçirilir

Ötən gün Tbilisidə tanınmış fotoqraf-rəssam Əqdəs Bağırzadənin “Mənim digər tərəfim” adlı fərdi sərgisi açılıb.

Aziz.ge xəbər verir ki, “I Art Gallery”də təşkil olunmuş sərgidə fotorəssamın 41 əsəri təqdim olunub.

Gürcüstan ictimaiyyətinə ilk dəfə təqdim olunan fotoşəkilləri Ə.Bağırzadə səfər etdiyi bir sıra ölkələrdə öz baxış bucağından çəkib.

Sərgilənən əsərlər arasında müəllifin Tbilisinin Sololaki rayonunda çəkdiyi fotoşəkil də yer alıb.

Fotorəssam bildirib ki, Tbilisidə sərginin təşkilində məqsəd əl işlərini tanıtmaqdır.

“Tbilisidə hələ sovet dövründə güclü fotoqrafiya məktəbi olub, Gürcüstanda bu sahədə tanınmış mütəxəssislər çoxdur. Sərgi vasitəsilə əsərlərimi gürcü mütəxəssislərə, həmkarlarıma göstərirəm və onların rəyini öyrənmək mənim üçün çox maraqlı olacaq”, – o deyib.

Açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, gürcü rəssam və fotoqraflar, azərbaycanlı icmanın üzvləri iştirak ediblər.

Sərgi “Wondernet Express Investment Group”un dəstəyi ilə keçirilir. Fotosərgi mayın 30-dək ziyarətçilər üçün açıq olacaq.

Qeyd edək ki, Ə.Bağırzadənin “Mənim digər tərəfim” adlı əsərlər silsiləsi daha əvvəl Milanda və 59-cu Venesiya Biennalesində nümayiş etdirilib. Onun foto əsərləri dəfələrlə Azərbaycanla yanaşı, xarici ölkələrdə də sərgilənib.

Mənbə: Teleqraf