1918-ci ilin mayın 26-da Gürcüstanın, mayın 28-də isə Azərbaycanın ilk müstəqilliyi elan ediləndən sonra iki dövlət arasında sıx diplomatik əlaqələr yaradılıb.
Aziz.ge ilk respublikaların təsis edildiyi ilə aid Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin tarixinin qısa xronologiyasını təqdim edir.
İyun ayında Azərbaycan və Gürcüstan suverenliyin qarşılıqlı tanınması və diplomatik əlaqələrin qurulmasına dair notaları mübadilə ediblər.
İyul-avqustda Tbilisi və Bakıda diplomatik nümayəndəliklər, Batumidə Azərbaycanın, Gürcüstanın isə Ağstafada konsulluqları açılıb. Bundan başqa, Bakıda 1920-ci ilədək Gürcüstanın baş konsulluğu ayrıca fəaliyyət göstərib, daha sonra səfirliyin strukturuna daxil olub.
Sentyabrın 6-da Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan arasında Zaqafqaziya bonlarının buraxılması haqqında üçtərəfli müqavilə imzalanıb. 1920-ci ilədək üç respublika üçün pul nişanları Tbilisidə çap olunurdu.
Oktyabrın 3-də Nikoloz Kartsivadze Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunub.

Oktyabrın 12-də Məmmədyusif Cəfərov Azərbaycanın Gürcüstandakı səfiri vəzifəsinə təyinat alıb.

Noyabrın 25-də Tbilisidə Azərbaycan və Gürcüstan hökumətlərinin nümayəndələri arasında görüş keçirilib, tərəflər Qafqazda mövcud problemlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, 1919-cu ilin noyabrın 24-də Gürcüstan Azərbaycana yeni səfir təyin edib. Bu vəzifəyə Qriqol Alşibaya təyinat alıb. 1920-ci ilin dekabrın 4-də isə bu vəzifəyə Qabriel Xundadze təyin olunub.
Məmmədyusif Cəfərov isə 1919-cu ilin martın ortalarına kimi Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanda diplomatik nümayəndəsi olub. Həmin ildə aprelin 14-də Azərbaycan parlamentində yeni hökumətin təsdiqindən sonra M.Cəfərov bu hökumətdə xarici işlər naziri vəzifəsini tutub. Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinə onun müavini Faris bəy Vəkilov rəhbərlik etməyə başlayıb.
Sonda bir məqamı qeyd etmək yerinə düşər. 18 noyabr 1992-ci il tarixi Azərbaycan və Gürcüstanda arasında diplomatik əlaqələrin qurulması günü kimi qeyd edilir. Lakin həmin tarixdə diplomatik əlaqələr qurulmayıb, bərpa olunub. Bu əlaqələrin yaradılmasından bu il 107 il, bərpasından isə 33 il ötür.
Türkiyə və Gürcüstan arasında diplomatik əlaqələrin tarixi ilə paralel aparaq. Əlaqələr 1921-ci ildə qurulub, 1992-ci ilin mayın 21-də bərpa olunub. Hər iki ölkə 21 mayı diplomatik əlaqələrin bərpası günü kimi qeyd edir. Bu il əlaqələrin qurulmasının 104-cü, bərpasının isə 33-cü ildönümü tamam olub.
Müasir Azərbaycan 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisidir. Bu əsasla 2021-ci ildə 28 may tarixi Müstəqillik Günü, 18 oktyabr tarixi isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunub. 18 noyabr tarixi də elə bu əsasla Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin bərpası günü elan edilməlidir.
Həmçinin oxu:
Azərbaycanın Gürcüstandakı ilk səfiri – AXC-nin qurucularından biri Məmmədyusif Cəfərov
Gürcüstanın Azərbaycandakı ilk səfiri – Repressiya qurbanı Nikoloz Kartsivadze