Tbilisidə “Expo Georgia” sərgi mərkəzində XXVII Beynəlxalq Kitab Festivalı açılıb.
Aziz.ge xəbər verir ki, tədbirdə Azərbaycan ilk dəfədir milli stendlə iştirak edir.
Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmış stenddə ölkəmizdə son illərdə işıq üzü görmüş nəfis kitablar və müxtəlif nəşr məhsulları sərgilənib. Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Azərbaycan stendi sərginin ilk günündən ziyarətçilərin diqqətini cəlb edib.
Tədbirin ilk günündə “Azərbaycanda kitab mədəniyyəti” adlı panel müzakirəsi də keçirilib.
Festival çərçivəsində müəlliflərlə görüşlər, kitab təqdimatları və ədəbi müzakirələr təşkil olunacaq. Beynəlxalq tədbir iyunun 2-dək dörd gün ərzində davam edəcək.
Qeyd edək ki, Tbilisi Beynəlxalq Kitab Festivalı ənənəvi olaraq 1998-ci ildən keçirilir. Təşkilatçıları Tbilisi şəhər şurası, Gürcüstanın Mədəniyyət Nazirliyi, Naşirlər və Kitabçılar Assosiasiyasıdır. Tədbirin əsas məqsədi mütaliənin təşviqi, nəşriyyat sektorunun dəstəklənməsi və regional tərəfdaşlığın dərinləşdirilməsidir.




