“Azərbaycanla Gürcüstan arasında demək olar ki, sərhəd yoxdur. Buna görə də gürcü ədəbiyyatı Azərbaycanda, Azərbaycan ədəbiyyatı isə Gürcüstanda tam tərcümə edilib təbliğ olunmalıdır. Biz əbədi qonşularıq, bu baxımdan bir-birimizin ədəbiyyatını mütləq bilməliyik”.
Aziz.ge xəbər verir ki, bu fikirləri Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu Tbilisidə keçirilən XXVII Beynəlxalq Kitab Festivalı çərçivəsində “Azərbaycanda kitab mədəniyyəti” mövzusunda təşkil olunan panel müzakirəsində səsləndirib.
Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcüəsilli vətəndaşlar hər iki ölkənin mədəniyyət nazirliklərinin nəzərindədir.
O.Fikrətoğlu Azərbaycanın Mədəniyyət Nazirliyiin Gürcüstanla birlikdə müştərək kitablar dərc etdirməyə hazır olduğunu bildirib. Qeyd edib ki, kitabların mövzuları Azərbaycanla Gürcüstan arasında sıx dostluq münasibətlərinə, regional inkişafa aid ola, elmi publisistikadan tutmuş bədii ədəbiyyata qədər olan sahələri əhatə edə bilər. O, təmsil etdiyi dövlət qurumunun bu mövzu ilə bağlı Gürcüstan nümayəndələri ilə müzakirələr aparmağa hazır olduğunu əlavə edib.
Müşavir, həmçinin bildirib ki, Gürcüstan tərəfinə Kür ətrafı mədəniyyətin su olaraq gəlib Azərbaycanda işığa çevrilməsi ilə bağlı layihənin təklif olunması nəzərdə tutulub.
Qeyd edək ki, panel müzakirəsində yazarlar – Sahilə Yaya və Sevinc Elsevər, Mimta Nəşriyyat Evinin rəhbəri Kənan Şabıyev də iştirak ediblər. Onlar Azərbaycanda kitab nəşriyyatının formalaşması mərhələləri, ölkəmizdə kitaba münasibət, müəllif və naşirlərə göstərilən dəstəkdən danışıblar.
Mənbə: Teleqraf