Mirzə Cəlilin Tbilisidəki ev-muzeyinin tarixçəsi — Heydər Əliyevin xüsusi tapşırığı, Azərbaycan-Gürcüstan dostluğunun ünvanı   

Görkəmli ədibimiz Cəlil Məmmədquluzadənin Tbilisidə yerləşən ev-muzeyinin açılmasından bu ilin oktyabrında 28 il ötəcək.

Mədəniyyət ocağı nə zaman açılıb, əsas dəstəkçisi kim olub və himayəyə götürülməsi ilə bağlı tapşırığı kim verib?

Aziz.ge bu sualları cavablandırır.

Gürcüstanda nəşr olunan “Rezonansi” qəzetinin 1997-ci 14 oktyabr tarixli sayından məlum olur ki, muzey həmin ilin oktyabrın 11-də açılıb. Tədbirdə Azərbaycan və Gürcüstanın o zamankı mədəniyyət nazirləri — Polad BülbüloğluValeri Asatiani də iştirak ediblər.

“Mtatsmindada* Azərbaycan musiqisi səslənirdi” başlıqlı məqalədə deyilir ki, açılış mərasiminə Azərbaycandan olan çoxlu qonaqlar da qatılıblar.

“Təşkilatçıların sözlərinə görə, muzeyin açılması Gürcüstan və Azərbaycan xalqları və iki qonşu ölkənin dostluğunu bir daha təsdiqlədi”, – məqalədə bildirilib.

Ad və soyadı qeyd olunmayan muzeyin direktoru qəzetə bildirib ki, Mirzə Cəlil uzun illər Tbilisidə yaşayıb çalışıb. Məhz burada o, əsərlərinin böyük hissəsini yaradıb və məşhur “Molla Nəsrəddin” jurnalını nəşr etdirib.   

Direktorun sözlərinə görə, azərbaycanlılar böyük yazıçının Tbilisidəki izlərinin itməməsinə çalışıblar. Qeyd olunub ki, muzeyin maliyyələşdirilməsini əsasən Şəmkir Rayon İcra Hakimiyyəti öz üzərinə götürüb.

2008-ci ilin fevralında  Mirzə Cəlilin Tbilisidə yerləşən ev-muzeyi Azərbaycanın o zamankı Mədəniyyət və Turizm Nazirliyinin mülkiyyətinə keçirilib. Hazırda mədəniyyət ocağının mülkiyyətçisinin hansı qurum olması barədə dəqiq məlumat mövcud deyil.

Ev-muzeyinin himayəyə götürülməsi barədə vaxtilə Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyinə Ümummilli lider Heydər Əliyevin xüsusi tapşırıq verdiyi bildirilir. Tapşırığa əsasən, ev-muzeyi özəlləşdirilərək təmir olunub, eksponatlarla təmin olunub, maliyyə məsələləri həll edilib.

Təəssüflər olsun ki, Mirzə Cəlilin Tbilisidəki ocağı, Azərbaycan-Gürcüstan dostluğunun ünvanı uzun illərdir fəaliyyət göstərmir. Yerləşdiyi bina qəzalı olduğundan muzeyin fəaliyyəti mümkünsüz olub. Tarixi binanın fundamentində ötən ilin fevralında bərkitmə işləri həyata keçirilib. Muzeyin təmir-bərpası ilə bağlı növbəti mərhələnin nə zaman həyata keçiriləcəyi hələ məlum deyil.  

Gələn il “Molla Nəsrəddin” jurnalının ilk sayının işıq üzü görməsindən 120 il ötəcək. Dərginin təsisçisi və baş redaktoru Mirzə Cəlilin Tbilisidəki ev-muzeyinin bərpa olunaraq açılması bu əlamətdar tarixə ən böyük töhfə olardı.

_________

*Mtatsminda muzeyin yerləşdiyi Tbilisi rayonunun adıdır.