Tbilisinin müsəlman icmasının tarixindən — Dinini dəyişən və xristianlar kimi qeydiyyata alınan azərbaycanlılar

XIX əsrin sonu – XX əsrin əvvəllərində Tbilisidə cərəyan edən etnomədəni proseslərin əsas xüsusiyyətini şəhərin çoxmədəniyyətli olması müəyyən edirdi. Polietniklik Tbilisinin tarixi ənənəsi idi. Tarixinin lap əvvəlki mərhələlərində burada gürcülərlə yanaşı bir çox digər xalqların nümayəndələri də yaşayırdı.

Müsəlmanların geyimləri də spesifik idi

Tbilisinin müsəlman icması etnik cəhətdən yekcins deyildi. Bura farslar (iranlılar), azərbaycanlılar, Dağıstandan gələnlər, Kazan tatarları, türklər və digərləri daxil idi. Onların arasında Tbilisinin ən qədim sakinləri farslar idilər. XIX əsrdə farslar Tbilisi əhalisinin əhəmiyyətli hissəsini təşkil edirdilər. Müsəlmanların mədəni-məişət inkişafı şəhərin digər etnik hissələrindən ayrıca gedirdi. Burada böyük rolu dini mənsubiyyət, sərt İslam qaydaları və şəriət normaları oynayırdı. Bunun nəticəsində tbililisili müsəlmanlar məişətdə və ictimai davranışda ənənəvi standartlara riayət edirdilər. Müsəlmanların geyimləri də spesifik idi. Total avropalaşmaya baxmayaraq, geyimlər xarakterik detallarını uzun müddət qoruyub saxlayırdı. Saç və saqqalın xına ilə rənglənməsi ənənəsi də uzun müddət saxlanırdı və buna əsasən 1900-cü ilə qədər İslam tərəfdarlarını şübhəsiz tanımaq olurdu.  

Müsəlman icması birləşdirilmiş cəmiyyət deyildi. Etnik fərqlilikdən başqa icmanın üzvləri arasında dini zəmində də dərin uzaqlaşma yaranırdı. İslamın bir-birinə əks olan şiə və sünni məzhəblərinə mənsubluq farslar və azərbaycanlı şiələr arasında kifayət qədər kəskin xətt çəkmişdi.  Fərq özünü məişət səviyyəsində də göstərirdi: şiələr və sünnilərin məscidləri, məzarlıqda yerləri ayrı idi, asudə vaxtın və yaxud digər ictimai təmasların birgə keçirilməsi tam istisna olunurdu.

Millətlərarası nikahlar üçün xüsusi icazə

Etnik proseslərin əsas hissələrindən biri millətlərarası nikahlar idi. Bu cür nikahların bağlanması üçün xüsusi icazə tələb olunurdu. İcazənin alınması üçün ərizə yazılırdı, alınan icazə isə Tbilisi qubernatoru tərəfindən təsdiqlənməli idi.

1872-ci ilə aid olan fars və yerli müsəlman arasında nikahla bağlı bu cür sənədlərdən birində deyilir:

“Bu nikaha bir şərtlə icazə veriləcək ki, əgər Nur Məhəmməd Nasir oğlu işləri ilə əlaqəldar 6 aydan çox müddətə getsə, həyat yoldaşı Zeynəb Əli qızının bu nikahın pozulması üçün müraciət etməyə tam hüququ olacaq. Dini idarə belə müraciət olacağı halda, ona boşanma şəhadətnaməsi verməlidir”.

Tbilisi sakinlərinin dinlərini dəyişdirməsi də şəhərin ayrılmaz etnik proseslərindən biri olub. Bir dindən digərinə keçməyin ən çox göstərilən səbəbi nikah olurdu. 1864-cü ildə beş müsəlman, 1899-cu ildə 12 müsəlman pravoslav dinini qəbul edib. Erməni-qriqoryan dinini qəbul edən müsəlmanlar da olurdu. Məsələn, 1882-ci ildə şiə Qurban Həsən oğlu, 1883-cü ildə müsəlman Məmməd Kərim oğlu qriqoryan dininin qəbulu ilə bağlı ərizə ilə rəsmi müraciət təqdim etmişdi.  

Xristianlığı qəbul edən azərbaycanlılar

XIX əsrin II yarısında müsəlmanların katolik dininə keçmə halları qeydə alınıb. Bu addımların da səbəbi millətlərarası nikah idi.  Belə nikahlardan biri haqda məlumata 1872-ci ilə aid sənəddə rast gəlinir. Tbilisi sakini müsəlman (yəqin ki, şiə) kollej katibi 29 yaşlı Nağı bəy Rüstəmbəy Rüstəmbəyov Qafqaz canişininə müraciət edərək müsəlmanlıqdan xristianlığın roma-katolik məzhəbinə keçməsinə icazə istəyib. İcazə verilir və xaç suyuna salma mərasimindən sonra Nağı bəy Nikolay adlandırılır. Nağı bəyin bu addımı atmasının səbəbi qubernator katibinin qızı rim-katolik məzhəbinə aid Paulina İosifovna ilə nikaha daxil olmaq idi. Onların nikah mərasimi Tbilisinin katolik kilsəsində baş tutub.

Tbilisinin imtiyazlı azərbaycanlı sakinləri arasında da nikaha daxil olmaqla bağlı pravoslavlığın qəbulu halları da olub. Bu cür nikahlardan doğulan uşaqlar pravoslavlar kimi qeydiyyata alınırdı.

1886-cı ilə aid məlumatlara əsasən, Tbilisinin zadəgan nəslindən olan 29 yaşlı Kərim bəy İsrafilov pravoslav dinini qəbul edib, həyat yoldaşı və övladları rusdur. Ştabs-kapitan Mixail Nikolayeviç Şərifov (Məhəmməd bəy) də pravoslavlığı qəbul edib, doğma dili rus dilidir, həyat yoldaşı rusdur, övladları da rus kimi qeydiyyata alınıb.

Novruzla bağlı güzəştlər

Şəhərin sakinləri bir-birinin dininə, adət-ənənələrinə kifayət qədər dözümlü və hörmətlə yanaşırdılar. Tbilisi rəhbərliyi digər dini icmalar kimi müsəlman icması üçün də bəzi güzəştlərə gedirdi. Məsələn, müsəlmanların bayramlarında Zaqafqaziya Müsəlman Dini İdarəsinin xəbərdarlığı əsasında dövlət xidmətində olan müsəlmanlar işdən və dərsdən azad olunurdular. Nümunə olaraq 1889-cu ildə Zaqafqaziya Qızlar İnstitutuna göndərilmiş əmri göstərmək olar. Sənəddə təhsil olacağında tərbiyə alan müsəlman xanımların Novruz bayramının gəlişi münasibətilə martın 8-dən 12-dək dərslərdən azad edilməsi təklif olunurdu. Bu cür xüsusi göstərişlər hərbi hissələr və həbsxanalara da göndərilirdi.

____________

Mənbə: Ю.Д.Анчабадзе, Н.Г.Волкова «Старый Тбилиси Город и горожане в XIX веке» (Москва – 1990)