129 yaşlı nəşrin ikinci bölməsi: Qori seminariyasının azərbaycanlı tələbələrinin topladığı nağıllar

1896-cı ildə Tiflisdə rus dilində “Qafqaz vilayətləri və tayfalarının təsviri üçün materiallar toplusu” işıq üzü görüb.

Qafqaz Təhsil Dairəsininin nəşri olan toplunun ikinci bölməsi Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının tələbələrinin topladığı nağıllardan ibarətdir. 19 nağıldan 8-i tatar (Azərbaycan) nağılıdır, toplayanları seminariyanın tələbələri Əbdül-Kərim Vəlibəyov, A.S. Həşimbəyazov, Ağalar Qiyasbəyov, Səməd Acalov, Mehrəli Muradovdur.

“Pəhləvan Həsən”, “Şahzadə Aslan və div”, “Sədaqətsiz arvad və sədaqətli gəlin”, “İki qardaş haqqında”, “Kasıb”, “Müqəddəs balıq”, “Qızıl balıq” və “Pəhləvan Hüseyn” adlı nağılların toplandığı məkanlar isə Ağdam, Qazax, Şamaxı, Gəncə və Borçalını əhatə edib.

Bölməyə daxil edilmiş 4 nağıl “erməni əfsanəsi/rəvayəti” adı altında verilib. Toplayanları Qori seminariyasının erməni müdavimləri Saqatel Tabaqyants, A.Babalyan, Andrey Mirzoyevdir. Nağılların qələmə alındığı yerlər isə Bakı şəhəri və keçmiş Ulukarabek, indiki Ağdərənin Ulu Qarabəy kəndidir.

Bölmədə qırğız, karaçay, tuşeti, yunan nağıl, əfsanə və rəvayətlərinə də rast gəlinir.

129 il öncə çap edilmiş toplu Gürcüstan Milli Kitabxanasının nadir nəşrlər kolleksiyasında saxlanılır.

Aziz.ge