Ötən gün Tbilisi Opera və Balet Teatrında bəstəkar Marika Kvaliaşvilinin “Tato” adlı musiqili poeması təqdim olunub.
Aziz.ge xəbər verir ki, Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanmış səhnə əsəri böyük gürcü şairi Nikoloz Barataşvilinin qısa həyatı və taleyindən bəhs edir. Səhnədə şairlə yanaşı onu əhatə etmiş şəxsiyyətlərin obrazları da canlandırılıb.
Kostyumlaşdırılmış tamaşa opera, estrada və xalq musiqisinin sintezindən ibarət olub. Tamaşa üçün 21 yeni mahnı yazılıb.
N.Barataşvilinin həyatı Naxçıvan və Gəncə şəhərləri ilə bağlı olduğuna görə musiqili poemada Azərbaycan musiqisinə də yer verilib. Aşıq Nargilə Mehtiyeva Qönçəbəyimin obrazında sazda musiqi ifa edib, “Laylay” və “Sarı gəlin” mahnılarından parçalar oxuyub. Onun çıxışı alqışlarla qarşılanıb.

Səhnə əsərini izləyənlər arasında Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze də olub.
Qeyd edək ki, “Tato” N.Barataşvilinin təxəllüsü olub.
Qönçabəyim Kəngərli nəslindən olub. Onun Naxçıvanın axırıncı xanı Ehsan xanın qızı olduğu bildirilir. N.Barataşvilinin Naxçıvanda yaşadığı zaman Qönçəbəyimlə ədəbi məclislərdən birində tanış olduğuna dair məlumatlar var. Gürcü şair Azərbaycan musiqisi və nəğmələrinə dərin rəğbət hissi bəsləyib.