“Onu bağışlamaq olarmı?”da ana — XX əsrin ən görkəmli aktrisası, Gürcüstan kino və teatrının siması

“Kimdir müqəssir? Mənmi, omu, yoxsa minlərlə fəlakətə səbəb olan müharibələrmi?  İndi söz sizindir. Siz deyin, onu bağışlamaq olarmı?”

Bu məşhur fraza ilə 1959-cu ildə çəkilmiş Azərbaycanın “Onu bağışlamaq olarmı?” bədii filmi bitir. Onu səsləndirən isə ekran əsərində yaddaqalan ana obrazı yaratmış Gürcüstan teatr və kinosunun əfsanəsi, SSRİ-nin Xalq artisti Veriko Ancaparidzedir (1897-1987).

Adıçəkilən film gürcü aktrisasının çəkildiyi ilk Azərbaycan filmi olmayıb. O, 1932-ci ildə lentə alınmış “26 komissar” filmində fəhlə arvadı obrazını yaradıb. 

V.Ancaparidze hələ sağlığında gürcü teatrı və kinosunun siması olub, 90 illik ömrünün 70 ilini səhnəyə həsr edib.

O, Kutaisi şəhərində notarius ailəsində anadan olsa da, yaradıcı atmosferdə tərbiyə olunurdu.

Belə bir əfsanə var ki, görkəmli gürcü şair Akaki Tsereteli 1900-cü ildə yeni yüzilliyə həsr olunan mərasimdə balaca Verikonu əlləri ilə qaldırıb onu XX əsrin mehriban mələyi adlandırmışdı: “Sən yeni əsrdə vətənini şöhrətləndirməlisən!”.

V.Ancaparidze Moskvada dram studiyasında təhsil alıb, lakin inqilab onu Gürcüstana dönməyə məcbur edib. Tiflisdə aktyor studiyasına daxil olub. Məhz burada o, gələcək həyat yoldaşı SSRİ-nin Xalq artisti, kinorejissor Mixeil Çiaureli ilə tanış olub.

V.Ancaparidze Batumidə də səhnə fəaliyyəti ilə məşğul olub, Rustaveli və Marcanişvili teatrlarında da çalışıb.

Aktrisa 1925-ci ildən kinoya çəkilməyə başlayıb. Nə qədər qəribə olsa da, filmlərə çəkilməyi o qədər də sevmirdi. V.Ancaparidze ekranda xarakter yaradılmasının məntiqini hiss etmirdi. O, yalnız iki roluna isti münasibət bəsləyirdi: “Giorgi Saakadze” filmindəki Rusudan və “Otarın dul qadını” filmindəki dul qadın rollarına. Aktirsa onları yaradıcılıq uğuru hesab edirdi ki, çünki qəhrəmanlarının taleyi onun oğul itkisinin yaratdığı şəxsi faciəsinə yaxın idi.  

V.Ancaparidzenin Tengiz Abuladzenin “Tövbə” filmindəki (1984) kiçik epizodu şedevr hesab edilir. Həmin epizodda aktirsa aforizmə çevrilmiş yalnız bir fraza deyir: “Məbədə aparmayan yol nəyə lazımdır?”. 

V.Ancapradize kinoda sonuncu dəfə Nana Canelidzenin “Ailə” filmində oynayıb. Aktrisa ekran əsərində tənha yaşayan qoca kənd qadınının güclü obrazını yaradıb.

O, Ş.Rustaveli adına Teatr İnstitutunda və teatr studiyalarında dərs deyib. Aktrisa 1987-ci ilin yanvarın 31-də vəfat edib, Mtatsminda panteonunda həyat yoldaşının yanında dəfn edilib.

1992-ci ildə Londonun “Who is Who” ensiklopediyası V.Ancaparidzeni XX əsrin ən görkəmli aktrisalarının onluğuna daxil edib.

Qeyd edək ki, V.Ancaparidze tanınmış gürcü aktrisa, Gürcüstanın Xalq artisti Sofiko Çiaurelinin anası olub.

Aziz.ge