Kağız üzərində qalan Bakı-Tbilisi memorandumu: Şəhərlər necə qardaşlıq edə bilərlər?

İyulun 13-də Bakı və Tbilisinin qardaşlamasından 4 il ötüb. 2021-ci ilin həmin günündə Bakıda iki paytaxt arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənəddə mədəniyyət, incəsənət, turizm, şəhər planlaşdırılması, ətraf mühitin mühafizəsi, nəqliyyat, informasiya texnologiyaları, enerji effektivliyi, tullantıların idarə olunması, gənclər və idman siyasəti sahələrində əməkdaşlıq, həmçinin müxtəlif istqamətlərdə ticari və işgüzar əlaqələrin dərinləşdirilməsi nəzərdə tutulurdu.

Memorandumun rəsmiləşdirilməsindən sonra Bakı və Tbilisi arasındakı təmasların daha da sıx olacağı, hətta birgə fəaliyyət planının da hazırlanacağı gözlənilirdi. Lakin təəssüflər olsun ki, ötən 4 il ərzində Azərbaycan-Gürcüstan əməkdaşlığının paytaxtlar səviyyəsində hər hansı bir layihə və yaxud tədbir həyata keçirilməyib.

Bakı Tbilisinin sayca 21-ci qardaş şəhəri olub. Buna qədər 1997-ci ildən Azərbaycan və Gürcüstan payaxtları tərəfdaş şəhərlər idilər. Şəhərlər arasında tərəfdaşlıq qardaşlıq səviyyəsinə hələ yalnız kağız üzərində yüksəldilib.

Bəs Tbilisi digər qardaş şəhərlərlə necə əməkdaşlıq edir?

İlk qardaş şəhər

Tbilisi dünya şəhərləri ilə qardaşlıq əlaqələrini hələ 1970-ci ilin əvvəllərində qurmağa başlayıb.  Şəhərin ilk “qardaş”ı Almaniyanın Saarbrüken şəhəri olub. Şəhərlər arasında əməkdaşlıq sənədi 1974-cü ildə imzalanıb.  Həm Tbilisidə, həm də Saarbrükendə qardaş şəhərlərin adlarını daşıyan meydanlar var. Saarbrüken meydanı Tbilisinin Çuqureti rayonu ərazisində yerləşir, meydana aparan Kür çayı üzərindəki körpüyə də bu ad 1994-cü ildə verilib.

Vilnüs skveri

Gürcüstan paytaxtının Litvanın Vilnüs şəhəri ilə də qardaşlığı nəzərəçarpan olub. Şəhərlər 2009-cu ildən qardaşlıq edirlər. Sənədin imzalanmasından sonrakı illərdə Tbilisinin Mtatsminda rayonunda funikulyorun aşağı  stansiyası yaxınlığında Vilnüs skveri açılıb. Vilnüs parkının açılması Litvanın avqust müharibəsi zamanı Gürcüstana dəstəyinə və həmrəyliyinə minnətdarlıq jesti idi. Litva parka mələk abidəsi hədiyyə edib. Vilnüsün simvolu fontanın yaxınlığında yerləşdirilib.

Park 2019-cu ilin sentyabrında bərpadan sonra yenidən açılıb. Skverin girəcəyində gürcü və ingilis dillərində ön tərəfdə “Vilnüs səni sevir”, arxa tərəfdə isə “Mən Tbilisini sevirəm” sözlərinin olduğu ürək formasında tağ var. Həmin vaxt skverdə yerləşdirilmiş QR-kodlu lövhələr vasitəsilə Vilnüsün tarixi və görməli yerləri barədə məlumat əldə etmək mümkün olub.

Bakıdan sonrakı qardaş — Buxarest

Bakıdan sonra Tbilisinin qardaşlaşdığı 22-ci şəhər Rumıniyanın paytaxtı Buxarest olub. Şəhərlər arasında memorandum 2022-ci ilin mayın 30-da imzalanıb. Elə həmin gün Buxarestdə səfərdə olan Tbilisi meri Kaxa Kaladze Rumıniya paytaxtının çar I Mixay parkında görkəmli gürcü ədib Şota Rustavelinin büstünün açılış mərasimində iştirak edib.

Bakı və Tbilisinin qardaşlaşması təşəbbüsündə mənim də payım olub. Hətta memorandumun imzalanmasından sonra məni təbrk edən həmkarlarım və dostlarım da oldu. Təşəbbüsümün reallaşması yeni təşəbbüsümə təkan verdi. Növbəti təşəbbüsüm sayəsində Tbilisinin Krtsanisi rayonunun eyniadlı küçəsində 2018-ci ildə açılmış Gürcüstan paytaxtının qardaşlaşdığı şəhərlərə həsr olunan bağda Bakı lövhəsi peyda oldu. Onun üzərində gürcü və ingilis dillərində “Bakı Azərbaycan” sözləri və Tbilisidən Bakıya qədər olan məsafə – 446 km sözləri yer alıb.

Tbilisidə yaşadığım binanın yaxınlığında yerləşən adıçəkilən parkın açılışında iştirak etmişdim və həmin vaxt Azərbaycan paytaxtı Tbilisinin qardaş şəhəri olmadığına görə Bakı lövhəsi quraşdırılmamışdı. O vaxt Bakının Tbilisinin qardaşı olmamasına təəssüflənmişdim. Təşəbbüsümü də elə həmin ildən irəli sürürdüm.

©Aziz.ge

Bakı Tbilisi ilə necə qardaşlıq edə bilər?

İndi isə Bakı-Tbilisi qardaşlığının əməldə reallaşdırılmamasına təəssüflənirəm. Şəhərlər arasında həyata keçirilə biləcək şablondan uzaq əməkdaşlıqla bağlı bir sıra təkliflər səsləndirmişəm. Amma təəssüflər olsun ki, həyata keçirilməsi çətin olmayan, daha çox iradə və istək tələb edən ideyalar hələ də nəzərə alınmayıb.

Bəzi təkliflərimi bir daha bölüşürəm.

  • Tbilisidəki Bakı küçəsində məlumat lövhəsinin quraşdırılması

Küçə 125 ildir Bakı adını daşıyır. QR-kodlu lövhədə Bakı küçəsinin tarixçəsi ilə yanaşı şəhər, onun görməli yerləri haqqında da məlumatlar yer ala bilər. Bakının rəmzi bianalarının formasında hazırlana və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Tbilisi meriyasına hədiyyə edilə bilər. Lövhə Bakı küçəsi 2 ünvanındakı (Bakı küçəsi 1 ünvanında orta məktəb yerləşir), alman memar Paul Fridrix Şternin layihəsi əsasında 1893-cü ildə inşa olunmuş binaya vurula bilər. Binanın fasadına memarlıq abidəsi barədə məlumatın əks olunduğu lövhə var.

  • Bakı küçəsində “Azərbaycan payızı” festivalı

Tbilisi Şəhər Şurası belə bir tədbrin təşkili ideyası ilı hələ 2018-ci ilin mayında çıxış etmişdi. Həmin dövrdə Tbilisinin Kiyev küçəsində “Ukrayna baharı” festivalı baş tutmuşdu. 2016-cı ildən hər il keçirilən tədbirdə iştirakçıları Ukraynanın mədəniyyəti, adət-ənənələri və mətbəxi ilə tanış edirdilər. Bakı küçəsində “Azərbaycan payızı” festivalı bu günədək həyata keçirilməmiş qalsa da, ideyanı Tbilisi Şəhər Şurasına xatırladıb reallaşdırılmasına çalışmaq olar.  

  • Tbilisidə yeraltı keçidin təmir-bərpası və Bakı adının verilməsi

Heydər Əliyev adına parkın yaxınlığında, Qorqasali küçəsindəki yeraltı keçiddən acınacaqlı vəziyyətinə görə piyadalar istifadə etməkdən boyun qaçırırlar. Onun təmirini Gürcüstanda fəaliyyət göstərən Azərbaycanın tikinti şirkətlərindin biri öz üzərinə götürə, daha sonra divarlarının Bakı və ya Bakı-Tbilisi mövzusuna aid posterlər və yaxud divar şəkilləri ilə bəzədilə  bilər. Tbilisidə Bakının şərəfinə yeraltı keçidin açılması qardaş şəhərlərin sıx əməkdaşlığı və dostluq əlaqələrinin sözdə deyil, əməldə təsdiqi olardı.

Yeraltı keçidin olduğu yolun hər iki tərəfində avtobus dayanacağı var. Keçid Bakı adlandırılandan sonra həmin dayanacaqlar sərnişinlər üçün “Bakı dayanacağı” olacaq – “Bakı dayanacağında min”, “Bakı dayanacağında düş”, “Bakı dayanacağında görüşək”.

Paytaxt şəhərlərdə yeraltı keçidlərə qardaş şəhərlərin adlarının verilməsi təcrübəsi var. Məsələn, 2024-cü ilin martında Moldovanın paytaxtı Kişineuda (2011-ci ildən Tbilisinin qardaşıdır) yeraltı keçidlərdən biri təmirdən sonra Tbilisinin şərəfinə adlandırılıb. Divarlarında Tbilisinin mənzərələri və abidələri olan posterlər, şəhərin tarixi haqqında məlumatlandırıcı plakatlar asılıb.

  • Bakıda Akaki Tseretelinin adına küçənin verilməsi

Bakının hazırkı Yasamal rayonunda vaxtilə böyük gürcü şairi, ictimai xadim, gürcü oxucuları Mirzə Fətəli Axundovun  əsərləri ilə ilk tanış edənlərdən biri olmuş Akaki Tseretelinin adını daşımış küçə olub. Küçənin adı sonradan dəyişdirilib və hazırda xanəndə, Azərbaycanın Xalq artisti Cabbar Qaryağdıoğlunun adını daşıyır. Bununla bağlı təşəbbüsün həyata keçirilməsindən sonra Tbilisidə vaxtilə mövcud olmuş Azərbaycan mənşəli toponimlərin bəzilərinin (Məsələn: Şuşa, Naxçıvan, Gəncə küçələri) bərpası məsələsi gündəmə gətirilə bilər.  

  • Bakıda Azərbaycan-Gürcüstan dostluğu parkının yaradılması

Bakının Tbilisi prospektində “Azad olunmuş enerji” abidəsi yerləşir. Memarlıq kompleksi Gürcüstanın Azərbaycana hədiyyəsi olub və açılışı 26 il öncə – 1998-ci ilin mayın 9-da baş tutub. Abidənin bərpaya ehtiyacı var. Ətrafının abadlaşdırılmasından sonra park “Azərbaycan-Gürcüstan dostluğu parkı” adlandırıla bilər.

Azərabaycan və Gürcüstan kimi yaxın, mehriban dost və strateji tərəfdaş ölkələrin paytaxtlarının qardaşlığı kağız üzərində formal xarakter daşımamalıdır. Ümid edirəm ki, Bakı-Tbilisi qardaşlığının real nəticələrinə yaxın gələcəkdə şahidlik etmək imkanım olacaq və qardaşlığın 5-ci ildönümü hər iki şəhərdə həyata keçiriləcək əməkdaşlıq layihələri ilə yaddaqalan olacaq.  

Cəmilə Babayeva