Vaxtilə Tiflisdə nəşr olunan “Zarya Vostoka” (“Şərqin Şəfəqi”) qəzetininin 15 oktyabr 1925-ci il tarixli 1003-cü sayında Azərbaycanın ilk milli mətbu orqanı olan “Əkinçi” qəzeti haqqında məqaləyə rast gəlinir.
Nəşr ““Əkinçi” və cənab Məlikzadə” sərlövhəli məqaləni “Zaqafqaziyanın ilk türkdilli qəzetinin 50 illiyi”nə həsr edib.

Məqalədə deyilir ki, qəzetin ilk düzücüsü olan Minasyan qəzeti yalnız yığmırdı, həm də şagirdlər hazırlayırdı. Şagirdlər arasında yığmağı ilk öyrənənlərdən biri naşirin özü cənab Məlikzadə olub.
“Qəzetin əsas oxucuları və əməkdaşları realnı məktəbdəki Məlikzadənin şagirdlərindən ibarət Bakının təhsil alan gəncləri idi.
Türk dilində ilk qəzeti dəstəkləyənlər az idi. Məlikzadə qəzetin redaktoru və naşiri idi, özü yığırdı, çap edirdi və paylayırdı. 400-500-dək sayları oxuculara ödənişsiz paylanılırdı.
Qəzetin düşmənlərinin donosları nəticəsində Məlikzadə polisin aşkar nəzarətinə verilir, nəticədə isə qəzet Moskva müxbiri N. bəy Vəzirovun (Azərbaycan yazıçısı və dramaturqu Nəcəf bəy Vəzirov – Aziz.ge) məqaləsinin dərcinə görə bağlanır. Həmin məqalədə bir dərviş əhalini elmə və maariflənməyə çağırırdı. Bu say qəzetin son nömrəsi olur.
İlk türkdilli qəzetin əsasını qoyan Həsən bəy Məlikzadə həmçinin ilk türk teatrının (1872) və ilk müsəlman xeyriyyə cəmiyyətinin (1871) banisi olub”.
Məlum olduğu kimi, “Əkinçi” qəzetinin 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər ümumilikdə 56 sayı nəşr edilib. 1890-cı ildə Tiflisdə işıq üzü görmüş 1891-ci il üçün “Qafqaz təqvimi”ndə 1870-1899-cu illərdə Qafqazda qəzetlərin yaranma və nəşrini dayandırma vaxtları haqqında cədvəl yer alıb.

Həmin cədvələ tatardilli dövri nəşr olan, Bakıda dərc olunmuş kənd təsərrüfatı qəzeti olan “Əkinçi” barədə də göstəricilər daxil edilib. Məlumatlar 1875, 1876 və 1877-ci illərlə yanaşı 1878 və 1881-ci illəri də əhatə edir. Cədvələ inansaq, qəzetin 1878-ci ildə 300 nüsxəsi, 1881-ci ildə isə 50 nüsxədə 17 sayı çıxıb. Böyük ehtimal ki, bu göstəricilər dədiqləşdirilməmiş və yaxud Bakıdan təqdim olunmuş həqiqəti əks etdirməyən məlumatlar əsasında qeyd olunub.
Cədvəldəki rəqəmlərə əsasən, 1875-1877-ci illərdə “Əkinçi”nin ümumilikdə 60 sayı çıxıb.
Həmçinin oxu:
Tiflis qəzeti “Əkinçi”nin nəşrindən 5 ay öncə: Müsəlman Şərqi irəliyə böyük addım atır!
“Qafqaz”da “Əkinçi” haqqında elanlardan: Əhali xəbərdən heyrətlənib, Tehran qaşqabağını tökür
“Əkinçi”nin ilk sayını alan “Qafqaz”: Qəzetin nəşrini son dərəcə çətin iş adlandırmaq olar
“Əkinçi”nin redaktor və təsisçisinə şərəf və eşq olsun – “Qafqaz” qəzeti
Aziz.ge