Tbilisidəki “Şuşa”nı necə qoruyub saxlaya bilərik? – Bir küçənin misalında

Tbilisidə vaxtilə Şuşa adını daşımış küçə ilə bağlı araşdırmamdan 5 il ötmək üzrədir. 2020-ci ilin sentyabrından izinə düşdüyüm Şuşa toponimi haqqında son iki il ərzində yeni mənbələrdən də məlumatlar əldə etmişəm. O ümidlə ki, “Şuşa” adını Tbilisidə qoruyub saxlaya biləcəyik. Axı aşkarladığım təkzibolunmaz faktlar Şuşa küçəsinin adının bərpası üçün bizə güclü əsaslar verib. Amma təəssüflər olsun ki, küçənin adının bərpası və ya şəhərin adsız küçələrindən birinə Şuşa adının verilməsi, yaxud da küçəyə keçmiş adı ilə bağlı lövhənin vurulması istiqamətində hər hansı bir addım atılmayıb.

Variantlardan ən mümkünü xatirə lövhəsinin quraşdırılması ola bilər. Belə ki, 1995-ci ildən Gertsel Baazovun adını daşıyan küçəyə Şuşa adının qaytarılması qeyri-mümkün görünür. Küçədə onun əski adını xatırladan yeganə nişanə 9 saylı lövhə qalmaqda olsa da, köhnəlmiş olduğundan və üzəri çətinliklə oxunduğundan Şuşa adına layiq deyil, həm də düşüb itmək təhlükəsi var.

Bu yaxınlarda Tbilisinin Anatoli Sobçak küçəsində qarşıma bir lövhə çıxdı. Böyük ölçüsü, bəzəkli naxışları ilə diqqətimi cəlb edən lövhənin üzərində 5 rəqəmi, gürcücə “Xazinis k.”, ingiliscə “Khazina str.” sözləri oxunur. Sobçak küçəsi haqqında məlumatla tanışlıqdan sonra məlum oldu ki, Xəzinə bu küçənin keçmiş adıdır. Gürcü dilində “xəzinə” sözü “xazina”dır.

Anatoli Sobçak (1937-2000) Rusiyanın dövlət və siyasi xadimi olub. O, 1991-1996-cı illərdə Sankt Peterburq şəhərinin meri vəzifəsini tutub. Tbilisidə küçələrdən birinə adı 2004-cü ildə verilib. Həmin ildə küçənin yaxınlığındakı 9 Aprel parkında A.Sobçakın heykəli də ucaldılıb. Abidənin açılması barədə qərar Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə məxsus olub.

A.Sobçak 1989-cu ilin  aprelin 9-da Tbilisidə baş vermiş faciəvi hadisələrin araşdırılması üzrə dövlət komissiyasına rəhbərlik edib, günahkarların cəzalandırılması tələbini qaldırıb. 9 Aprel hadisələrinin obyektiv araşdırılmasında Sobçakın xidmətlərinin olduğu bildirilir. Onun Tbilisidəki abidəsi Sankt Peterburqdakı gürcü diasporunun maddi dəstəyi ilə hazırlanıb. 2004-cü ilin aprelin 9-da açılan büstün postamentində “Gürcü xalqından minnətdarlıqla” sözləri yazılıb.

Sobçak küçəsinin ilk adı Aleksandr (9 Aprel bağının əvvəlki adlarından biri), sonrakı adı isə Xəzinə olub. Küçə 1900-cü ildən Xəzinə adlandırılıb, çünki burada vaxtilə 1802-ci ilin mayında təsis edilmiş Tiflis Xəzinədarlıq Palatası yerləşib. Küçə Xəzinə adını 104 il daşıyıb, 21 il bundan öncə adı dəyişdirilsə də, toponim qorunub saxlanılıb. Şəhər sakinləri Sobçak küçəsini daha çox Xəzinə küçəsi kimi tanıyırlar. Küçədə bu adı göstərən yalnız bir – gürcücə “A.Sobçakis k.” yazılı 3 saylı lövhə var.

Xəzinə adını bildirən lövhə küçədəki üç ulduzlu “Orbeliani Residence” hotelinin mədəni irs abidəsi olan binasının fasadına vurulub. Xəzinədarlıq Palatasının vaxtilə bu tarixi tikilidə yerləşdiyini ehtimal etmək olar.

Sobçak küçəsinin yerləşdiyi Orbeliani meydanında 2017-2019-cu illərdə bərpa işləri həyata keçirilib.  Tbilisi meriyası və İnkişaf Fondunun “Yeni Tiflis” layihəsi şəhərin tarixi hissəsində böyük turist marşrutunun yaradılması məqsədi daşıyıb. Genişmiqyaslı işlər çərçivəsində meydandakı binalara ad bildirən naxışlı lövhələr də vurulub. Sobçak küçəsində eyni dizaynlı “Xəzinə” lövhəsi də elə həmin vaxt quraşdırılıb.  

“Xəzinə küçəsi 5” lövhəsi sübut edir ki, Tbilisidə bəzi küçələrin tarixi adlarının saxlanılması təcrübəsi var. Bununla Tbilisinin tarixi keçmişi yaşadılır. Azərbaycan mənşəli toponimlər də şəhərin keçmişinin ayrılmaz hissəsidir. Bu nümunəni əsas götürüb 1903-1995-ci illərdə Şuşa adını daşımış küçədə də memorial lövhəni quraşdırmaqla Tbilisidəki tarixi izimizin xatirəsinin əbədiləşdirilməsinə nail ola bilərik.

Qeyd edim ki, küçədə yaşayanların 70%-ni soydaşlarımız təşkil edir. Sakinlər də daxil olmaqla Tbilisinin azərbaycanlı icması təşəbbüskar olmalı, “Şuşa lövhəsi”nin quraşdırılması üçün Tbilisi Şəhər Şurasına müraciət etməlidir. Azərbaycan tərəfi bu təşəbbüsü dəstəkləyə, hətta öz əlinə də ala bilər. Keçmiş Şuşa küçəsinə vurulacaq xatirə lövhəsinin açılması Gürcüstanda Vətən müharibəsindəki tarixi Zəfərimizin yaxınlaşmaqda olan 5-ci ildönümünə həsr edə biləcəyimiz ən əlamətdar və rəmzi məna daşıyan tədbir olardı.   

Cəmilə Babayeva