2014-cü ildə Tbilisidə “100 yaddaqalan ad” adlı ensiklopediya işıq üzü görüb. Gürcüstanın Milli Elmlər Akademiyasının nəşri gürcü, rus və ingilis dillərindədir. Ensiklopediya Gürcüstanda yaşayıb yaratmış, gürcü mədəniyyətində əhəmiyyətli iz qoymuş, ölkənin mədəni, elmi və ictimai həyatının ayrılmaz hissəsi olmuş görkəmli qeyri-gürcülərə həsr olunub. Materiallar yalnız XIX və XX əsrin xadimlərini əhatə edir.
100 nəfər görkəmli şəxsiyyətin siyahısına ömürləri Gürcüstanla bağlı olmuş, Azərbaycan ədəbiyyatının iki görkəmli nümayəndəsi — Mirzə Şəfi Vazeh və Mirzə Fətəli Axundov da daxil edilib.
Aziz.ge ensiklopediyada böyük azərbaycanlılar haqqındakı məlumatları təqdim edir:
Mirzə Fətəli Axundov (1812-1878)
Azərbaycanlı yazıçı, maarifçi, filosof, Azərbaycan dramaturgiyasının banisi Şəkidə anadan olub. 1834-cü ildən vəfatına qədər Tbilisidə yaşayıb. Çar canişininin dəftərxanasında tərcüməçi qismində xidmət edib. Tiflis uyezd məktəbində türk və fars dillərindən dərs deyib. M.F.Axundovun mütəfəkkir və yazıçı kimi formalaşmasına gürcü xadimlər — Qriqol Orbeliani, Giorgi Eristavi, Giorgi Tsereteli, Aleksandr Çavçavadze, həmçinin Qafqaza sürgün olunmuş dekabristlər və 1830-cu ilin Polşa qiyamının iştirakçıları ilə əlaqələri də kömək edib. Tbilisidə onun məşhur komediyaları — “Molla İbrahim Xəlil”, “Botanik müsyo Jordan”, “Lənkərən xanının vəziri” (hər üçü 1850-ci ildə), “Hekayəti xırs-quldurbasan” (1851), “Hacı Qara” (1852), “Mürafiə vəkillərinin hekayəti” (1855) yaranıb. Bu komediyalar Azərbaycan ədəbiyyatında tənqidi realizmin əsasını qoyub. M.F.Axundovun bədii əsərləri ilk olaraq Tbilisidə nəşr olunub: rus dilində 1853-cü ildə, Azərbaycan dilində isə 1859-cu ildə. Akaki Tsereteli “Lənkəran xanının vəziri” komediyasını ilk dəfə gürcü dilinə “Xan vəziri” adı altında tərcümə edib.


M.F.Axundov Tbilisidə vəfat edib. Onun dəfni ilə bağlı maraqlı rəvayət var: Tbilisinin müsəlman icmasının rəhbərləri Axundovun Xarpuxda (Tbilisi rayonu) köhnə müsəlman qəbirstanlığında dəfninə qarşı idilər. Lakin Qriqol Orbeliani bütün səylərini səfərbər edərək M.F.Axundovun müsəlman məzarlığı yaxınlığında, hazırkı Botanika bağının ərazisində dəfn edilməsinə nail olur. Aziz.ge ədibizim dəfni ilə bağlı ətraflı yazı təqdim edəcək.
Vazeh (1792-1852)
Əsl adı Mirzə Şəfidir. Azərbaycanlı şair, marrifçi. Gəncədə anadan olub. Gəncədə Şah Abbas mədrəsəsində təhsil alıb. Şərq dillərini bilirdi, ədəbiyyat və ilahiyyat haqqında geniş biliklərə malik idi, mahir xəttat idi. 1840-cı ildən Tbilisi dairə məktəbində Azərbaycan və fars dillərini tədris edib. 1844-cü ildə ədəbi-fəlsəfi dərnək (“Divani-hikmət” ədəbi məclisi nəzərdə tutulur – Aziz.ge) təsis edib. 1846-1850-ci illərdə Gəncədə işləyib, 1850-ci ildən etibarən Tbilisiyə qayıdıb.


Vazehin yaradıcılığında fəlsəfi və məhəbbət lirikası, satirik janrlı əsərlər xüsusi yer tutur. Şair məhəbbəti vəsf edirdi, zülmkarlıq və dini fanatizmə qarşı çıxırdı, şəxsiyyət azadlığının müdafiəçisi kimi çıxış edirdi. Vazeh Gürcüstanı, gürcü xalqının yaşayışının reallıqlarını yaxşı bilirdi. Bu, onun poeziyasında əksini tapıb (“Tiflisə vida” şeiri və s.). Dünya Vazehin yaradıcılığı ilə alman şair F.Bodenştedtin tərcümələri sayəsində tanış olub. O, Vazehin farsdilli poeziyasının tərcümələrini “Şərqdə min bir gün” adlı kitabına (1850) daxil edib, daha sonra “Mirzə Şəfi nəğmələri”ni (1851) dərc etdirir. Bu tərcümələr Vazehin şeirlərini öz əsərləri kimi təqdim edən F.Bodenştedtin adı ilə bağlı olan ədəbi mübahisənin obyekti olub.
Vazeh Tibilisidə vəfat edib. Müsəlman qəbirstanlığında dəfn edilib.
Qeyd edək ki, adıçəkilən ensiklopediyada Aleksandr Puşkin, Lev Tolstoy, Dmitri Yermakov, Sergey Yesenin, Nobel qardaşları, Otto Yakov Simens, Oskar Şmerlinq və digər görkəmli şəxsiyyətlər barəsində də məlumatlar yer alıb. Fridrix Bodenştedt haqqında məlumatda qeyd olunub ki, o, Vazehdən fars dili dərsləri alıb, şair ona şeirlərini yazdırırdı, Fridrix onları qələmə alırdı və bu da ona dili yaxşı mənimsəməyə kömək edirdi.